“Messi və Ronaldo daha çox qol vurublar, amma mən üç turnirdə qalib olmuşam”

“Messi və Ronaldo daha çox qol vurublar, amma mən üç turnirdə qalib olmuşam”

Almaniya mətbuatının məlumatına görə, "Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi 2012/13 mövsümündə Avropanın ən yaxşı futbolçusu seçiləcəyinə çox ümid edir. Xatırladaq ki, Fransa yığmasının oyunçusuyla birlikdə bu mükafata "Barselona”nın argentinalı hücumçusu Lionel Messi və "Real”ın portuqaliyalı forvardı Kriştianu Ronaldo namizəddir.
"Bütün mövsüm boyu yaxşı səviyyədə oyun nümayiş etdirmişəm. Həmişə lazımi formada olmuşam və mümkün bütün titulları qazanmışam. Fikrimcə, bu, əsas arqumentdir. Düzdür, Messi və Ronaldo daha çox qol vurublar, amma mən üç turnirdə qalib olmuşam və bu məsələlərdə titullar çox önəmlidir”, - deyə Riberi bildirib.
Yeri gəlmişkən, Riberi hazırda "Bavariya”da baş məşqçisi olan Pep Qvardiolanın vaxtilə onu çalışdırdığı "Barselona”ya dəvət etdiyini deyib. Fransalı futbolçunun sözlərinə görə, bu, 2009-cu ildə olub.
"Fransa yığmasında komanda yoldaşım olmuş Erik Abidal o vaxt "Barselona”da çıxış edərkən bu mövzuda mənimlə danışıb. Təbii ki, bu barədə düşündüm. Axı "Barselona” dünyanın ən yaxşı komandası idi. Amma "Bavariya” ilə qüvvədə olan müqaviləm vardı. Bundan başqa, klubun rəhbərlərindən Rummenigge və Hönessə çox böyük hörmətim var”.
Xatırladaq ki, 30 yaşlı Riberi "Bavariya”da 2007-ci ildən çıxış edir. Bundan əvvəl isə "Qalatasaray” (2005) və "Marsel” (2005-2007) kimi klubların formasını geyinib.