Avqustun 21-29-da Bayıl qəsəbəsində yerləşən 91 saylı tam orta məktəbin futbol meydançasında Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini futbol turniri keçirilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 1996-99 və 2000-2003-cü illər təvəllüdlü uşaqlar və yeniyetmələr mübarizə aparıblar. 12 komandanın iştirakı ilə keçirilən turnirdə 120 nəfər iştirak edib. Yarış iştirakçıları final qarşılaşmasından əvvəl Milli Qəhrəman Çingiz Mustafayevin qəbrini ziyarət ediblər.
Dairəvi sistem üzrə keçirilən 2000-2003-cü illər təvəllüdlü uşaqların mübarizəsində I yerə "Sahil” komandası layiq görülüb. "Turan” ikinci, "Bakı” komandası isə üçüncü yerlə kifayətlənib.
1996-99 -cu illər təvəllüdlü yeniyetmələrin yarışında III yer uğrunda görüşlərdə "Azəri” və "Azadlıq” komandaları qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Azəri” üçüncü yerə layiq görülüb. Turnirin final oyununda isə "Neftçi” və "Muğan” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunun əsas hissəsi 2:2 hesabı ilə başa çatdığından qalib 7 metrlik zərbələr nəticəsində müəyyənləşib. Cərimə zərbələrini daha dəqiq yerinə yetirən "Neftçi” komandası 4:3 hesabı ilə turnirin qalibi adını qazanıb.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Agayev və digər rəsmi şəxslər iştirak ediblər. Natiqlər uşaqlar arasında keçirilən məhələlərarası mini futbol turnirinin futbolun inkişafında böyük rol oynadığını, Respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildiriblər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunublar.