"Araz"dan növbəti qələbə

"Araz"dan növbəti qələbə

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan Naxçıvanın "Araz” komanndası növbəti yoxlama görüşünü keçirib. "Rize Kalkanderespor" komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi oyunun 3-cü dəqiqəsində hesabı açıb. Əlimirzə Daşzərinin 35 metrdən vurduğu mükəmməl zərbə rəqib qapıçı üçün qarşısıalınmaz olub. Matçın 37-ci dəqiqəsində Əlimirzə komandamızın və özünün ikinci qolunu vurub. Futbolçumuz bu dəfə 25 metrdən sərrastlığını nümayiş etdirib. Fasiləyə üstün yollanan Əsgər Abdullayevin yetirmələri ikinci hissəyə də hücumlarla başlayıblar. Lakin yaradılan qol vəziyyətlərindən istifadə etmək mümkün olmayıb. Beləliklə, təmsilçimiz növbəti yoxlama görüşünü də qələbə ilə başa vurub - 0:2.
Xatırladaq ki, avqustun 27-də keçirilən ilk yoldaşlıq görüşündə "Araz” komandası "Yakutiyaspor”u 2:0 hesabı ilə məğlub etmişdi.