Avropanın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Monakoda təşkil edilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimindən sonra 2012/13 mövsümünün ən güclü futbolçusunun adı müəyyənləşib.
Avropa ölkələrinin jurnalistlərinin online səsvermə yolu keçirdiyi sorğunun nəticələrinə əsasən Almaniyanın «Bavariya» klubunun yarımmüdafiəçisi Frank Riberi «ilin ən yaxşı futbolçusu» seçilib. Fransız futbolçu bu mübarizədə Lionel Messi («Barselona») və Kriştianu Ronaldodan («Real» Madrid) çox səs toplayıb.
Məlumat üçün qeyd edək ki, mükafata əsas namizədlərdən olan «Real»ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo mərasimə qatılmayıb. Ronaldo Monakodakı tədbirə getməkdənsə, La Korunya şəhərinə yollanmağı üstün tutub.
Qeyd edək ki, həmin şəhərdə «Gerrero kuboku» uğrunda keçirilən oyunda «kral klubu» «Deportivo»nun qonağı olub və 0:4 hesabı ilə qalib gəlib.