Komandamızın Kazanda uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib ​

Komandamızın Kazanda uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib ​

Xəbər verdiyimiz kimi, bu günlərdə Tatarıstan Respublikasının Kazan şəhərində sumo üzrə gənclər və böyüklər arasında Avropa, kəmər güləşi üzrə isə dünya çempionatı keçirilib. Komandamız hər iki yarışda Azərbaycan Sumo Federasiyasının prezidenti, AMİNA-nın vitse-prezidenti Samir Abdullayevin rəhbərliyi altında iştirak edib. 15 ölkədən 400-dən çox idmançının qüvvəsini sınadığı sumo üzrə Avropa çempionatında Azərbaycan idmançıları 1 qızıl və 4 bürünc medala sahib çıxıblar. İdmançılarımızdan Camal Feyziyev gənclər arasında +115 kq çəki dərəcəsində üçüncü, mütləq çəkidə isə birinci yerə sahib çıxıb. Komandamıza digər bürünc medalları isə U-21 gənclər arasında Sadiq Əliyev (77 kq), Vəliş Hacıyev (92 kq) və U-23 gənclər arasında Kamal Ələsgərov (77 kq) qazandırıb.

25 ölkədən 300 idmançının iştirak etdiyi kəmər güləşi yarışında isə millimiz 1 qızıl və 2 bürünc medala sahib çıxıb. Bu yarışda da komandamıza qızıl medalı ən ağır çəkili idmançımız Camal Feyziyev qazandırıb. O mütləq çəkidə birinci yeri tutmaqla yanaşı, avtomobillə də təltif olunub. Komandamızın digər üzvlərindən Xəyyam Abdullayev (70 kq) və Vəliş Hacıyev (90 kq) isə bürünc medallara sahib çıxıblar. Yığmamız bu nəticə ilə​ komanda hesabında II yeri tutub.

İyunun 30-da Kazan şəhərində keçirilən dünya və Avropa çempionatının yekun nəticələri ilə bağlı Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) mətbuat konfransı keçirilib. Konfransda AMİNA-nın prezidenti Kazım Qurbanov, vitse prezidenti Samir Abdullayev, assosiasiyanın idarə hetətinin üzvü Fərhad Ocaqverdiyev və yarışda medal qazanan idmançılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan assosiasiyanın prezidenti Kazım Qurbanov AMİNA-nın tərkibində olan bu idman növləri üzrə milli komandamızın Kazanda ölkəmizi uğurla təmsil etdiyini vurğulayıb. O, hər iki yarışda ağır çəkili idmançımız Camal Feyziyevin Azərbaycan bayrağını yüksəklərə qaldırmasını diqqətə çatdırıb. Kazım Qurbanov həmçinin digər idmançılarımızın da yarışda uğurla çıxış edərək müxtəlif kateqoriyalarda mükafatçılar sırasında yer aldığını vurğulayıb. Komandamızın kəmər güləşi üzrə dünya çempionatında ikinci yerdə qərarlaşdığını bildirən assosiasiya prezidenti hər iki yarışda qazanılan nəticəni böyük uğur kimi dəyərləndirib.

“Bu gün Azərbaycan idmançıları müxtəlif idman növləri üzrə keçirilən yarışlarda Vətənə yüksək əyarlı medallarla qayıdırlar. Təbii ki, bu uğur və qələbələrin arxasında Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı dayanır. İdmançılarımız bu qayğıdan yararlanaraq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Kazanda keçirlən yarış da bu mənada Azərbaycan idmanının növbəti uğuru idi. Dünya və Avropa çempionatında əldə etdikləri uğurlu nəticələrə görə komandamızın idmançılarını təbrik edir, onlara uğurlar arzulayıram. İdmançılarımızın bu qələbəsini Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr edirik. 
Fürsətdən istifadə edib Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpyia Komitəsinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyinə idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”, - deyə Kazım Qurbanov qeyd edib.

Qeyd edək ki, hər iki çempionatda ölkəmizi hakim qismində Seymur Qurbanov və Rəsul Həsənov təmsil edərək sertifikatla təltif olunublar.

Komandamızın Kazanda uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib ​ Komandamızın Kazanda uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib ​ Komandamızın Kazanda uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib ​ Komandamızın Kazanda uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirilib ​