“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

Azərbaycanın "Neftçi" klubu UEFA​ Çempionlar Liqasında mübarizəyə start verib. 7 illik fasilədən sonra​ qitənin ən nüfuzlu klub turnirində iştirak edən “Neftçi” 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə üz-üzə gəlib. Boris Payçadze adına “Dinamo Arena”da keçirilən matç Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb -2:1. Oyunda hesab 23-cü dəqiqədə açılıb. Namiq Ələskərov flaqmanı hesabda önə çıxarıb. Tbilisi təmsilçisi oyunun 36-cı dəqiqəsində tarazlığı bərpa edib. Serbiyalı hücumçu bərabərlik qolunu vurub - 1:1.

İkinci hissəyə “ağ-qaralar daha fəal başlayıblar. Bunun məntiqi nəticəsi olaraq paytaxt təmsilçisi hesabda önə keçib. 56-cı dəqiqədə rəqib qapısına təyin olunan penaltini E.Mahmudov dəqiq yerinə yetirib. Beləliklə, "Neftçi" komandası səfərdə "Dinamo"ya qalib gəlib. Bu komandalar arasında cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə ​ saat 21:00-da başlayacaq. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos" komandası ilə qarşılaşacaq. Məğlub olan komanda isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.