Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum günləri ərəfəsində təşkil olunan ənənəvi tədbirlər davam edir. Növbəti tədbir “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kapitan Nurlan Mustafayevin xatirəsinə həsr olunmuş milli benç-press üzrə turnirlə davam etdirilir.
Yasamal rayon Gənclər və İdman İdarəsinin və VITR fitness idman klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kapitan Nurlan Mustafayevin xatirəsinə həsr edilmiş milli benç-press üzrə turnirə iyulun 14-dən start verilib. Şəhidin doğum günü turnirin final mərhələsi başa çatmış və qaliblərin təntənəli mükafatlandırılma mərasimi keçirilib.
Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov turnirin rəsmi açılış mərasimində çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 gün ərzində 30 illik işğala son qoyulmasını və Vətən yolunda canını fəda edən qəhrəman oğullarımızdan biri olan şəhid Nurlan Mustafayevin xüsusi rolunu qeyd edib. Kapitan Nurlan Mustafayev Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra orden və medallarla təltif olunub.
Tədbirdə millət vəkili Səbinə Xasayeva, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaqan Teymurov, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Əməkdar idman ustası, 4 qat dünya və 7 qat Avropa çempionu, dünya rekordçusu Vüqar Namazov, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev çıxış etmiş, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin önəmindən, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daima yaşayacağından söz açıblar.
Sonda şəhidin anası Rəhilə Mustafayeva və həyat yoldaşı Günay Mustafayeva çıxış edərək Nurlanın keçdiyi şərəfli döyüş yolundan danışmış, turnirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Ramin Süleymanzadə (-65 kq), Zaur Məmmədov (-85 kq) və Əbülfəz Abuzərli (+85 kq) yarışda bütün rəqiblərindən üstün olublar.