Azərbaycan idmançıları​ Tokio-2020-də mübarizəyə başlayırlar

Azərbaycan idmançıları​ Tokio-2020-də mübarizəyə başlayırlar


Xəbər verdiyimiz kimi, Tokioda XXXII Yay Olimpiya ​ Oyunları keçirilir. Yarışın ikinci günündə ilk mükafatçılar bəlli olacaq.

17 gün davam edəcək ən böyük multiidman yarışında 204 ölkədən 11 mindən artıq atletin iştirakı gözlənilir. Onlar 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiada yubanma ilə təşkil edilən ilk yarış kimi tarixə düşəcək. İndiyədək ləğv olunan yarışlar olsa da, təxirəsalmaya təsadüf edilməyib.

İkinci dəfə bu mötəbər yarışın ev sahibi olacaq Yaponiyanın paytaxtı 4 idman növü üçün ilklə əlamətdar olacaq. Karate, idman qayayadırmanması, skeytbordinq və serfinq ilk dəfə Olimpiada proqramında yer alacaq.

İştirakçı 204 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmiz 7-ci dəfə Yay Olimpiadasına müstəqil ölkə kimi qatılır. Aktivində 6 Qış Olimpiadası da olan idmançılarımızın debütü Atlanta-1996-da gerçəkləşib.

Yalnız Atlanta-1996-da qızıl medal qazanmayan idmançılarımız sonrakı 5 Olimpiadada ümumilikdə 7 çempionluq yaşayıb. Yığmamız Tokioda 13 idman növü üzrə 44 idmançı ilə təmsil olunur.​

İkinci yarış günündə komandamızın 10 idmançısı ilk mübarizəsinə başlayacaq. ​

Onlardan dördünün qatılacağı yarışda medalçılar bəlli olacaq. Cüdoçu Kəramət Hüseynov ölkəmizə ilk mükafatı qazandırmağa namizəddirsə, digər cüdoçu Aişə Qurbanlı, güllə atıcısı Ruslan Lunyov və velosipedçi Elçin Əsədovun uğuru sensasiya sayılacaq.

Digər 6 idmançıya gəlincə, üç boksçu ilk döyüşünə çıxacaq, iki üzgüçü təsnifat mərhələsində qüvvəsini sınayacaq, idman gimnastı isə yarışın ilk yarısını arxada qoyacaq.

05:00. İdman gimnastikası, Kişilər, 1-ci hərəkət - İvan Tixonov
09:30. İdman gimnastikası, Kişilər, 2-ci hərəkət - İvan Tixonov
14:30. İdman gimnastikası, Kişilər, 3-cü hərəkət - İvan Tixonov

13:36. Boks, kişilər. 1/16 final. 57 kq. Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)
14:54. Boks, kişilər. 1/16 final. 69 kq. Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)
15:27. Boks, kişilər. 1/16 final. +91 kq. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

06:00. Velosiped idmanı, kişilər. Şosse. Elçin Əsədov

06:00. Cüdo, kişilər. 60 kq. 1/16 final. Kəramət Hüseynov – Eşli Makkenzi (Böyük Britaniya)
06:00. Cüdo, qadınlar. 48 kq. 1/16 final. Aişə Qurbanlı – Katarina Kosta (Portuqaliya)

14:07. Üzgüçülük, kişilər. 400 m kompleks üsulla. Təsnifat mərhələsi, 2-ci qrup. Maksim Şemberev
14:25. Üzgüçülük, qadınlar. 100 m batterflyay. Təsnifat mərhələsi, 1-ci qrup. Məryəm Şeyxəlizadəxangah


08:00. Güllə atıcılığı. Kişilər, 10 m məsafədən atəş açma. Ruslan Lunyov