Yeniyetmə qızlarımız ilk dəfə qitə yarışında mübarizəyə qoşulublar

Yeniyetmə qızlarımız ilk dəfə qitə yarışında mübarizəyə qoşulublar

Sentyabrın 1-də Litvanın Klaypeda şəhərində 15 və 17 yaşadək oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi start götürüb. İlk dəfə olaraq Avropa birinciliyində yeniyetmə qızlarımız da yarışlara qatılıblar. Klaypedada 17 yaşadək qızlarımızdan Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (53 kq) və Kseniya Vişnitska (58 kq) medal uğrunda mübarizə aparırlar.
Azərbaycan atletləri yarışda yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Nizami Paşayevin rəhbərliyi altında iştirak edirlər. Heyətdə 15 yaşadək idmançılar - Ümid Məlikzadə (45 kq), İsa Rüstəmov (50 kq), Ruslan Rzazadə (50 kq), Rüstəm İmanzadə (62 kq), Kənan Əliquliyev (69 kq), 17 yaşadək atletlər - Məhəmməd Məmmədli (50 kq), Emin Mirzəyev (50 kq), Elşad Şərifov (69 kq), Dadaş Dadaşbəyli (94 kq) yer alıblar.
Birincilikdə ölkəmizi hakim qismində Oruc Məmmədli və Vahid Nəzərov təmsil edirlər. Qitə brinciliyinə sentyabrın 9-da yekun vurulacaq.