"Təyyarəçilər” hamıdan yüksəkdə "uçurlar”
Ötən həftə Topaz Premyer Liqasında V tura yekun vurulub. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində sonuncu olan turun qarşılaşmaları 2 gün ərzində keçirilib. Azarkeşlər bu turda sensasiyalı nəticələrin şahidi olublar.
Topaz Premyer Liqası
V tur
31 avqust (şənbə)
"Bakı” - "Neftçi” - 3:0
Qollar: Rauf Əliyev, 11; Əfran İsmayılov, 32; Mario Alvarez, 69.
Qırmızı vərəqlər: Cavid Hüseynov, Aqil Məmmədov, 50 (hər ikisi Bakı).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.
Bakı. "Bakı” klubunun təlim-məşq bazası.
Turun ilk günündə 3 qarşılaşma olub. Bunlardan ən maraqlısı Bakıda təşkil edilib. Paytaxt derbisində "Bakı” doğma azarkeşlər önündə "Neftçi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Öz meydanında çıxış edən "zolaqlılar” uğursuz startdan sonra qazanılan 2 qələbənin davamını gətirməyə çalışacaqdılar. Son görüşlərində böyük hesabla qalib gələn Milinko Pantiçin yetirmələrinin budəfəki rəqibi isə liderliyə qayıtmağa çalışırdı. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. "Bakı” klubu son çempiona da böyük hesabla qalib gəlib. Rəqib qapısından qolları Rauf Əliyev, Əfran İsmayılov və Mario Alvarez vurublar. Qeyd edək ki, "Neftçi” mövsümdə ilk dəfə böyük hesabla məğlub olub. "Ağ-qaralar” Azərbaycan çempionatlarında sonuncu dəfə 535 gün əvvəl bu cür uduzmuşdular. 2012-ci il martın 12-də "Qəbələ” "ağ-qaralar”ı məğlub etmişdi. Ümumiyyətlə, paytaxt təmsilçisi ölkə birinciliklərində 5-ci dəfədir böyük hesabla məğlub olur. "Bakı” həmşəhərlilərini 2 dəfə məğlub edən ilk və hələlik yeganə komanda kimi tarixə düşüb. "Zolaqlılar” 6 il əvvəl "Neftçi”nin qapısına 5 qol vurmaqla, 4 top fərqli qələbə qazanıblar.
"Qəbələ” - "Xəzər Lənkəran” - 2:0
Qollar: Leonardo da Silva, 40; Lorentso Ebesilio, 67.
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Qəbələ. Şəhər stadionu.
"Qəbələ” evdə "Xəzər Lənkəran” klubunu sınağa çəkib. Özünün adət etmədiyi pillədə qərarlaşan Lənkəran təmsilçisi ilk qələbəsini səfərdə qazanmağa çalışacaqdı. Son 2 turda məğlub olan Yuri Syominin yetirmələri də xal hesabını artırmaq iddiasında idi. Bu oyun rusiyalı mütəxəssisin uelsli həmkarı Con Toşakla qarşılaşması kimi də diqqət çəkirdi. Matç meydan sahiblərinin hücumları ilə başlayıb. Lənkəranlılar ilk qələbəsini Qəbələdə qazanmağa çalışsa da, yenə buna nail ola bilməyiblər. Yuri Syominin yetirmələri inamlı oyunla cənubluların qələbə həsrətini, ən azı, bir tur sonraya saxlayıblar. Meydan sahiblərinin heyətində Leonardo da Silva və Lorentso Ebesilio fərqləniblər. Beləliklə, "Qəbələ” ilk "beşlik”dəki yerini qoruyub. "Xəzər Lənkəran” isə turnir cədvəlində sonuncu pilləyə enib.
Məlumat üçün bildirək ki, mövsümdə 3-cü dəfə meydanı 3 xalla tərk edən komanda bir neçə ilkə imza atıb. "Qırmızı-qaralar” mövsümdə ilk dəfə oyunda hesabı açan tərəf olub. Belə ki, əvvəlki 2 qələbə zamanı ilk qolu rəqib vurmuş, "Qəbələ” isə əzmkar qələbə qazanmışdı. Əvvəlki qələbələrini minimum fərqlə əldə edən komanda bu dəfə 2 top fərqinə sevinib. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında ilk dəfə inamlı qələbə əldə edən "qırmızı-qaralar” sonuncu dəfə ötən mövsümün 21-ci turunda 2 top fərqlə qələbə qazanmışdı. Həmin vaxt da rəqib "Xəzər Lənkəran” idi - 2:0. Növbəti 15 oyunda qazanılan 4 qələbənin hamısı isə 1 top fərqilə əldə olunmuşdu.
Budəfəki qələbə, həm də klub tarixində evdə qazanılan 70-ci qələbə olub. 13 dəfə I dəstə, 10 dəfə kubok və 47 dəfə Premyer Liqada qonaqları məğlub edən "Qəbələ” öz meydanındakı 138-ci qarşılaşmada 70-ci dəfə qalib gəlib.
Yeni komandasında qol hesabını açan Lorenzo Ebesilio "Qəbələ”də qol sevinci yaşayan 80-cı futbolçu olub. Ebesilio 80 nəfərlik siyahıda ilk hollandiyalı kimi tarixə düşüb. Belə ki, indiyədək "qırmızı-qara” formada çıxış etmiş hollandiyalılar - 55 oyun keçirən Stiv Olfers və 2 matçın iştirakçısı olan Con Kollins qola həsrət qalmışdı. Ebesilio Premyer Liqada "Qəbələ” üçün qol vuran 60-cı oyunçudur.
"Sumqayıt” - "Rəvan” - 0:1
Qol: Kamil Nurəhmədov, 52.
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Son oyunlarda xal qazanmayan və 5 qol buraxmağa öyrəşən "Rəvan” "Sumqayıt” klubunun qonağı olub. Durumunu yaxşılaşdırmağa çalışan "Gənclik şəhəri” təmsilçisi heyətini yeniləməkdə davam edən rəqibini xalsız qoymağa çalışsa da, bu, baş verməyib. Oyunun taleyini 1 qol həll edib. Yeganə qolu qonaqlar vurublar. Rəqib qapısından qolu "Sumqayıt” klubunun keçmiş futbolçusu Kamil Nurəhmədov keçirib. Nəticədə, ilk qələbəsini qazanan "Rəvan” turnir cədvəlinin son pilləsindən uzaqlaşıb. "Sumqayıt” klubu isə irəliləmək şansını əldən verib.
1 sentyabr (bazar)
"Qarabağ” - AZAL - 0:1
Qol: Branislav Arsenyeviç, 21.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov.
Bakı. "Bakcell Arena” stadionu.
Turun son günündə 2 oyun təşkil edilib. Hər 2 matç paytaxtda olub. Turnir cədvəli baxımından mərkəzi oyun sayılan "Qarabağ” - AZAL matçı liderin dəyişməsi ilə nəticələnə bilərdi. Bu oyunadək xal itirməyən Ağdam təmsilçisi qələbə seriyasını 5-ə çatdırmağa çalışacaqdı. Startdakı məğlubiyyətdən sonra ardıcıl 3 dəfə 3 xal qazanan "təyyarəçilər” qalib gəlməklə liderliyə yüksələ bilərdilər. Matçın taleyini bir qol həll edib. Yeganə qolu heç kimin gözləmədiyi anda qonaqlar vurublar. Branislav Arsenyeviçin ilk hissədə vurduğu qol qələbə üçün kifayət edib. "Qarabağ”ın qələbə seriyasını dayandıran AZAL şəxsi oyunun hesabına görə turnir cədvəlinin zirvəsinə yüksəlib. "Təyyarəçilər”, ən azı, 10 gün lider olacaqlar.
"İnter” - "Simurq” - 1:2
Qollar: İlqar Ələkbərov, 32 - Draqan Çeran, 78; Raul Kostin, 89.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov.
Bakı. "Şəfa” stadionu.
"Şəfa”da keçirilən matç isə sensasiya ilə nəticələnib. Öz meydanındakı bütün oyunlarda "Simurq”a qalib gələn "İnter”in yenə çətinlik çəkməyəcəyi gözlənilsə də, bu, baş verməyib. Bakılılar hesabı açdıqdan sonra Zaqatala təmsilçisi 2 qol vuraraq "İnter”in 4-cü məğlubiyyətini rəsmiləşdirib. "Bankçılar”ın heyətində İlqar Ələkbərov fərqlənərək, komandasının fasiləyə üstün yollanmasına şərait yaradıb. Lakin ikinci hissədə 11 dəqiqə ərzində iki dəfə fərqlənən zaqatalalılar qələbə qazanıblar. Qonaqların heyətində Draqan Çeran və Raul Kostin fərqləniblər. Qələbə sayəsində "Simurq” 6-cı pilləyə yüksəlib. "İnter” isə 8-ci pillədə qalıb.