Millimiz İsraildə xal qazanmağa çalışacaq

Millimiz İsraildə xal qazanmağa çalışacaq


Futbolçularımız bunu əldə edəcəklərinə əmindirlər

Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Avropa zonasında növbəti oyunlar keçiriləcək. İlk oyun günü Avropanın 25 şəhərində maraqlı matçlar təşkil olunacaq. Azərbaycan milli komandası bir gün sonra səfərdə İsrail yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bu həftənin əvvəlindən yığmamız səfər matçının hazırlıqlarına başladı. Sentyarın 3-də isə millimiz "Bakcell Arena” stadionunda mətbuat üçün açıq məşqə çıxdı. Hazırlıq prosesinə "Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılovla "İnter”in qapıçısı Səlahət Ağayev qatılmadı. Təlim-məşq toplanışına zədəli vəziyyətdə qatılan Əfran İsmayılov ağrılardan əziyyət çəkdiyindən komandamızın heyətini erkən tərk etdi. Ə. İsmayılovu heç kim əvəzləməsə də, S. Ağayevin yerinə "Bakı”nın qapıçısı Aqil Məmmədov çağırıldı. Mətbuat üçün açıq məşqdə yığmamızın futbolçuları toplu çalışmalara üstünlük verdilər. İki komandaya bölünən millimiz əl ilə topu bir-birilərinə ötürdülər. Sonra yığmamızın baş məşqçisi Berti Foqtsun göstərişi ilə futbolçular fiziki göstəricilərini artırmaq üçün məşqlərini davam etdirdilər. Məşqin səhəri gün həmyerlilərimiz İsrailə yola düşdülər.
Qeyd edək ki, təmsilçilərimiz F qrupunda 7 oyundan sonra 4 heç-heçə edib və 3 oyunda məğlub olub. Millimiz 4 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

İsrail yığması da millimizlə oyuna ciddi hazırlaşır. Rəqib komandanın əsas məqsədi yalnız 3 xal qazanmaqdır. İsraillilər yığmamızla oyunöncəsi zədə problemi ilə üzləşib. Ramat-Qanda yığmamızla, bundan 4 gün sonra Sankt-Peterburqda Rusiya ilə qarşılaşacaq İsrail bu oyunlara tam heyətlə hazırlaşa bilmir. "Malyorka”nın hücumçusu Tomer Hemedin hələ avqustun ortalarında zədəli olduğu məlum idi. O, minimum bu ilin sonuna kimi futbol oynaya bilməyəcək. Onu Beer-Şeva "Hapoel”inin futbolçusu Elyaniv Barda əvəzləyəcək. Hemedin ardınca isə əsas heyətin 2-ci hücumçusu Eden Ben-Basat sıradan çıxıb. 25 nəfərlik heyətdə adı olan "Tuluza”nın hücumçusu Portuqaliya ilə oyunda qol+ötürmə verməklə yadda qalmışdı. Baldırının aşağı nahiyəsində zədəsi olan futbolçunun meydana çıxması böyük sual altındadır. Zədələndiyi bilinən digər futbolçu isə "Seltik”in dayaq yarımmüdafiəçisi Beram Kayaldır. Kiyevdəki sonuncu yoxlama oyununu nəzərə almasaq, 25 yaşlı futbolçu müntəzəm olaraq start heyətdə çıxırdı.
İsrail yığmasının baş məşqçisi Eli Qutmanı düşündürən digər məqam isə birdən-birə əsas müdafiəçilərini itirməsidir. İlk növbədə "Sürix”in arxa xətt oyunçusu Avi Rikan sıradan çıxıb. Üstəlik "Beveren”in müdafiəçisi Rami Qerşon da ötən şənbə zədələnib. O minimum 2 həftə yarım oynamayacaq. Hayfa "Makkabi”sinin sol cinah müdafiəçisi Taleb Tavathanın sağalacağına isə ümid var.
E. Qutmanın digər 2 problemi isə Yossi Benayun və Dudu Avat kimi təcrübəli oyunçuları ilə bağlıdır. Belə ki, 33 yaşlı Benayun hələ də oyun təcrübəsindən əziyyət çəkir. O, buyaxınlarda İngiltərənin "Kristal Pelas” klubu ilə müqavilə bağlayıb. Ona görə də ona bu dəfə dəvət göndərilməyib. Benayundan fərqli, heyətə çağırılan 35 yaşlı Avat üçün isə mövsüm yaxşı başlamayıb. Sequndada "Malyorka”nın şərəfini qoruyan futbolçu ilk oyundaca qapısından 4 top buraxıb. Bununla belə, Qüds "Beytar”ının və Təl-Əviv "Hapoel”inin qapıçılarının təcrübəsizliyinə baxmayaraq, Avatın millimizə qarşı oynayacağı dəqiqdir.