Gimnastlarımız Avropa çempionatında 3 medala sahib çıxdılar

Gimnastlarımız Avropa çempionatında 3 medala sahib çıxdılar

İtaliyanın Pesaro şəhərində akrobatika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Qitə çempionatı Azərbaycan millisi üçün uğurlu olub. Yarışda ölkəmizi böyüklər arasında qarışıq cütlüklərin yarışında Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil ediblər.
Akrobatlarımız yarışın elə ilk günündən medal qazanıblar. Qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27,400 xal alaraq bürünc medal qazandılar.
A.Rəhimov və R.Seyidli isə komandamızın aktivinə həm gümüş, həm də bürünc medal yazdırıblar. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86,470 xal toplayaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Yarışın sonuncu günündə temp hərəkətlərinə görə bürünc medal qazanaraq, Pesaronun “Vitrifriqo Arena”sında üç rəngli bayrağımızın üçüncü dəfə ucalmasına nail olublar.
M.Rəfiyev və D.Abbasovdan ibarət kişi cütlüyümüz isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək beşinci olublar.