Mundialın ilk "qaranquşlar”ı kim olacaq?
Bu gün DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Avropa zonasının 9 qrupunda 25 qarşılaşma olacaq. Daha 1 görüş sentyabrın 7-nə təyin olunub. Bu, Azərbaycan millisinin İsraillə səfər sınağıdır.
Həmin görüş yəhudilərin yeni il bayramı ilə əlaqədar 1 gün keçiriləcək. Bu səbəbdən də bu gün 5 komandanın çıxış etdiyi İ qrupundakı kimi, bizim qrupda da 2 matç oynanılacaq. Digər 7 qrupun hərəsində isə 3 görüş olacaq.
A qrupunun ən maraqlı oyunu prinsipial rəqiblər - Serbiya ilə Xorvatiya komandaları arasında olacaq. Meydan sahibləri pley-offa nəzəri şanslarını qorumaq üçün qələbə qazanmalıdılar. Əks halda, ilk 2 yerin taleyini Belçika ilə Xorvatiya milliləri öz aralarında həll edəcək.
B qrupunun liderləri Bolqarıstanla İtaliya yığmaları üz-üzə gələcək. Bu görüşün nəticəsi Çexiya yığmasının turnir cədvəlindəki durumuna da təsir edəcək. Elə C qrupunda da ilk 2 pillədə qərarlaşanlar görüşəcək. Lakin Almaniyanın Avstriya ilə ev matçında çətinlik çəkəcəyi inandırıcı deyil. Burada əsas mübarizənin 2-ci yer uğrunda gedəcəyi görünür.

D qrupunda isə Hollandiyanın ardıcıl 7-ci qələbəsini qazanacağı gözlənilir. Bu 3 xal "narıncılar” mundiala bir az da yaxınlaşdıracaq. Çünki 2-ci yer uğrunda mübarizə aparan və liderə çatmaq şansları nəzəri olan Macarıstanla Rumıniya üz-üzə gələcək. Bu matç Azərbaycanda kifayət qədər sevilən Türkiyə yığması üçün də önəm kəsb edir. Çünki Fatih Terimin yığmaya qayıdışından sonra ilk matçına çıxacaq "ay-ulduzlular” pley-off ümidləri bu 2 komandanın da çıxışından asılıdır. Türkiyəlilər isə zəif Andorra millisi ilə qarşılaşacaqlar. Millimizin qrupunda isə liderliyini davam etdirmək iddiasında olan Portuqaliya Şimali İrlandiya yığması ilə görüşəcək. Rusiyanın işi isə nisbətən asandır. Şimal qonşularımız Lüksemburq komandasını qəbul edəcək.
DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası
6 sentyabr
A qrupu
22:00. Makedoniya - Uels
23:45. Serbiya - Xorvatiya
00:00. Şotlandiya - Belçika
B qrupu
21:00. Çexiya - Ermənistan
23:00. Malta - Danimarka
23:45. İtaliya - Bolqarıstan
C qrupu
20:00. Qazaxıstan - Farer adaları
23:45. İrlandiya - İsveç
23:45. Almaniya - Avstriya
D qrupu
23:00. Rumıniya - Macarıstan
23:00. Türkiyə - Andorra
23:30. Estoniya - Hollandiya
E qrupu
22:00. Norveç - Kipr
23:30. Sloveniya - Albaniya
23:30. İsveçrə - İslandiya
F qrupu
19:30. Rusiya - Lüksemburq
23:45. Şimali İrlandiya - Portuqaliya
G qrupu
23:15. Latviya - Litva
23:15. Bosniya və Herseqovina - Slovakiya
23:45. Lixtenşteyn - Yunanıstan
H qrupu
23:00. Ukrayna - San Marino
23:45. Polşa - Monteneqro
00:00. İngiltərə - Moldova
İ qrupu
23:15. Gürcüstan - Fransa
23:30. Finlandiya - İspaniya