Güləşçilərimiz dünya çempionatını 6 medalla başa vurdular

Güləşçilərimiz dünya çempionatını 6 medalla başa vurdular

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına oktyabrın 10-da yekun vurulub. Pəhləvanlarımız çempionatı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar.
Bu medallardan 2-si sərbəst güləşçilərimizin, 4-ü isə klassiklərimizin payına düşüb. Qadın güləşçilərimiz isə sərbəst və yunan-Roma güləşçilərimizdən fərqli olaraq, dünya çempionatını medalsız başa vurublar.
Komandamıza çempionatda ilk medalı sərbəst güləşçimiz Abubakr Abakarov qazandırıb. 86 kq çəki dərəcəsində çıxış edən idmançımız millimizin aktivinə bürünc medal yazdırıb. Pəhləvanımız ilk görüşdə çətinlik çəkmədən almaniyalı güləşçiyə qalib gəlib. Təmsilçimiz Ukrayna millisinin üzvünü vaxtından əvvəl xalçadan məyus yola salıb. Gürcüstan güləşçisinə də heç bir şans verməyən Abubakr dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya və son Olimpiya çempionu Deyvid Teylorla qarşılaşan A.Abakarov təcrübəli amerikalı rəqibinə məğlub olub və ümidini üçüncü yerə bağlayıb.
Bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisiylə qarşılaşan güləşçimiz qalib gəlməklə ölkəmizə mundialın ilk medalını qazandırıb. Bu, Abubakr Abakarovun böyüklər arasında dünya çempionatında ilk medalı olub.
Sərbəst güləş yarışlarında komandamıza növbəti medalı 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov qazandırıb. Dünya çempionatına inamlı start verən pəhləvanımız cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. O.Nurməhəmmədov növbəti görüşdə Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Rusiya idmançısına məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşdə Belarus təmsilçisinə qalib gələrək üçüncü yeri tutub.
Çempionatın son 4 günündə klassiklərimiz xalça üzərinə çıxıblar. Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) ilk görüşdə ukraynalı rəqibindən güclü olub. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans verməyib və yarımfinala yüksəlib. Finalın bir addımlığında Yaponiya güləşçisinə məğlub olan E.Əzizli oktyabrın 8-də bürünc medal görüşünə çıxıb. Türkiyəli rəqibindən güclü olan güləşçimiz ardıcıl ikinci dəfə dünya üçüncüsü olub. Bununla da təcrübəli güləşçimiz dünya çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb.
Komandamızın digər üzvü Sənan Süleymanov (77 kq) ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans verməyib. S.Süleymanov almaniyalı rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb. Bu mərhələdə Belarus təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesablı qələbə güləşçimizi finala daşıyıb. Həlledici görüşdə ikiqat Olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu Roman Vlasovla qarşılaşan S.Süleymanov rusiyalı rəqibinə minimal fərqlə uduzaraq dünya ikincisi olub.
Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov (82 kq) isə dünya çempionatına Estoniya güləşçisi üzərində qələbə ilə başlayıb. Növbəti mərhələdə Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. R.Hüseynov ilk hissəni 0:6 hesabı ilə başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən R.Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanı ilə gərgin keçən görüşdən də üzüağ çıxan təmsilçimiz ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn Rafiq Hüseynov dünya çempionu olub.
Komandamızın digər üzvü Murad Məmmədov (60 kq) ilk mərhələdə Macarıstandan olan həmkarını üstələyib. Pəhləvanımız daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. M.Məmmədov 1/4 finalda Yaponiya güləşçisinə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya ikincisi Jolaman Şarşenbekovla qarşılaşan Murad qırğızıstanlı güləşçiyə uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə belaruslu rəqibinə qalib gəlməklə dünya üçüncüsü olub.
Beləliklə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşi üzrə yığma komandamız yarışları 4 medalla başa vurub. Yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Komandamız 6 illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dünya çempionatında 4 medal qazanıb ki, bu da rekord nəticədir.