YOL GEDƏNİN, ÖMÜR YAŞAYANINDIR

YOL GEDƏNİN, ÖMÜR YAŞAYANINDIR

Gəlimli-gedimli dünyada yaşanan ömür illərin sayına görə ölçülmür. Ömrün illərinin sayı, necə deyərlər, sadəcə olaraq riyazi rəqəmlərdir. Elə dəyərlər var ki, insan bu dəyərlər sayəsində zamanın hüdudlarını aşır və tarixin yaddaşına ölümsüzlük möhürü vurur. Bu mənada qısa ömür yaşayıb əsrlərə sığmamaq da olar, uzun ömür yaşayıb bir anda unudulmaq da... Seçim insanın öz əlindədir.Hər kəs öz ömrünü düşüncəsinə görə yaşayır. Allahın verdiyi ömür payına kimi rəgarəng naxışlar vurur, kimi də, sadəcə olaraq, necə deyərlər, öz ömürünü yola verir. Bütün hallarda dünyanın əşrəfi olan insan hər cür diqqətə, hörmətə layiqdir. Əslində insan dünyaya sınanmaq üçün gəlib və hərə bir cür sınanır. Bu sınaqdan üzüağ çıxanların sayəsində bəşəri dəyərlər formalaşır, cəmiyyət saflaşır və həyat davam edir.Qalan nə varsa bizi yaradanın hökmündədir.
Onun haqqında çox şey yazmaq olar. Ən xoş sözləri, necə deyərlər, ipə-sapa düzüb vətənpərvərliyi, ziyalılığı, mədəni və mənəvi dəyərləri, prinsipiallığı, ədalətli və gözütox olmağı və bir çox insani dəyərləri barədə səxavətlə danışmaq mümkündür. O da var ki, bir insan haqqında danışanda gərək ona layiq səviyyədə, ədalətlə, səmimiyyətlə danışasan. Əks təqdirdə sözlər öz əzəmətini, dəyərini itirir. Bəkir Yusifov keçdiyi ömür yoluna görə sözün əzəmətini, dəyərini özünə haqq edən insandır. Bu mənada onun haqqında danışmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, sözü ilə əməli birdir, səxsiyyətdir, zəngin və mənalı bir ömür yaşayır. Çətindir ona görə ki, incə duyğulu insandır, yaxşı ilə pisi ayırmağı bacarır, zərgər dəqiqliyi ilə sözü-sözdən seçir, təvazökardır və ən başlıcası, kifayət qədər ciddi insandır.Onunla ilk tanışlığım dostum Fazil müəllimin sayəsində olub. Bir neçə dəfə telefonla danışmışdıq. Bu qısa telefon danışıqlarında hiss etmişdim ki, sözün əsl mənasında ziyalı, dünyagörüşü zəngin bir insanla ünsiyyətdəyəm. Sonrakı şəxsi görüşlərimiz onun haqqındakı bu qənaətimin əsaslı olduğunu sübut etdi. O vaxtdan xeyli ötüb. İndi səmimi münasibətlərimiz dostluğa, qardaşlığa çevirilib. Hər bir əlamətdar gündə təbriklər çox olur. Elə dost təbrikləri də. Dostum Bəkir Yusifovun bu əlamətdar günündə müxtəlif sahələrdəki, o cümlədən beynəlxalq qurumlardakı yüksək vəzifələrindən, çoxsaylı mükafatlarından, ehiyacı olanlara etdiyi təmənnasız yardımlardan danışmayacağam. Ona görə ki, KİV-lərdə bu barədə kifayət qədər yazılıb. O, bir insan kimi fərqli cəhətlərə sahibdir. Məsələn, sözdə yox, əməldə vətənpərvərdir, sözü üzə deməyi bacarır, haqsızlığa dözmür, etdiyi yaxşılıqları dilə gətirmir, etibarlı olanları sevir, dost yolunda çəfakeşdir, kövrək qəlbli olsa da, ən çətin anlarda belə təmkinini qoruyub saxlayır, hər şeyə ədalətlə yanaşır və ən başlıcası heyrətamiz dərəcədə təvazökardır. Əslində onu dostlarına sevdirən, şəxsiyyətini ucaldan da də elə bu mənəvi keyfiyyətlərdir. Məncə bu insani keyfiyyətləri ilə dəyərli dostumuz hər bir vəzifə kürsüsündən daha yüksəkdə dayanır.
Zaman hər şeyi yebəyer edir. Bizdən aldıqları da var, verdikləri də. Hansı çoxdur? Bilmirik.Həyat ancaq xöş günlərdən ibarət deyil. Bəzən amansız sınaqlara, təzyiqlərə, haqsızlıqlara, etibarlı sandığımız insanların qəfil zərbələrinə məruz qalırıq. Bəkir müəllim də bu sınaqlardan sığortalanmayıb. Ancaq onu bu məqamlarda belə həmişə nikbin, məğrur və qürurlu görmüşük. Etiraf edək ki, savadı, qabiliyyəti, öz halal zəhməti ilə ucalan insanların əslində başqa yolu da olmur. Bəkir müəllim də bir cox insani keyfiyyətləri ilə bu ömür yolunu özü seçib. Enişli-yoxuşlu və ən əsası da mənalı ömür yolunu.O, bu yolda ləyaqətlə, dəyanətlə, qürurla addımlayır. Kimsə də onu bu yoldan saxlaya bilməz. Çünki yol gedənin, ömür yaşayanındır.

P.S. Bu gün dostum, Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti, Avro-Asiya Metal İşçiləri Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Bəkir Yusifovun 65 yaşı tamam olur. Doğrudur, 65 rəqəmlərlə ifadə olunan illərin sayıdır. Əslində Bəkir müəllimin mənalı, zəngin və maraqlı keçən ömürünün illərinin üstünə elə bir o qədər də illər əlavə etmək olar.Çünki ömürün sanbalı, dəyəri illərin sayına görə deyil, yaşananlarla ölçülür.Bu xoş gündə can sağlığı, uzun və bərəkətli ömür, daha böyük uğurlar arzulayıram.

Murad Qoçuoğlu,
şair, Əməkdar jurnalist