Azərbaycan ağırlıqqaldıranları yenidən Avropaya səs saldılar

Azərbaycan ağırlıqqaldıranları yenidən Avropaya səs saldılar


Litvanın Klaypeda şəhərində keçirilən ağırlıqqaldırma üzrə 15 və 17 yaşına qədər yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyinə yekun vurulub. Sentyabrın 1-dən 9-na qədər təşkil olunan, ölkə idmançılarımızın da iştirak etdiyi yarış öz gərginliyi ilə diqqəti çəkib. 50 kq çəki dərəcəsində çıxış edən idmançıların mübarizəsində iki atletimiz qüvvəsini sınayıb. Yaşı 17-yə qədər olan idmançıların qitə çempionluğu uğrunda çıxışında Emin Mirzəyev birdənqaldırma hərəkətində ardıcıl olaraq 72 kq və 77 kq ağırlığın öhdəsindən gəlib. Gənc atletimiz növbəti sifarişini, 80 kq çəkini qaldıra bilməyib. Təkanla qaldırma hərəkətində isə idmançımız birinci yanaşmasında 92 kq çəkinin öhdəsindən gəlib. Növbəti sifarişində həmin çəkiyə 6 kq artıran ağırlıqqaldıranımız bu çəkini ram edə bilməyib. 
İki hərəkətin cəmində 169 kq (77 kq + 92 kq) nəticə göstərən Emin Mirzəyev yarışı 5-ci pillədə başa vurub. Həmin çəki dərəcəsində çıxış edən digər atletimiz Məhəmməd Məmmədli ona bəslənilən ümidləri doğruldub. Gənc atletimiz birdənqaldırmada 79 kq və 81 kq ağırlığın öhdəsindən məharətlə gəlib. Lakin təmsilçimiz üçüncü yanaşmasında 83 kq ağırlığa güc çatdıra bilməyib. Bununla da Məhəmməd həmin mərhələni gümüş medalla sona çatdırıb.
Təkanla qaldırmada da ağırlıqqaldıranımız uğurla çıxış edib. O, əvvəlcə 95 kq, sonra isə 100 kq çəkinin öhdəsindən gəlib.102 kq sifariş verən atletimiz bu çəkini ram edə bilməyib. 
İki hərəkətin cəminə görə 181 kq (81 kq + 100 kq) nəticə göstərən Məhəmməd Məmmədli Avropa birinciliyinin gümüş medalına yiyələnib. Qeyd edək ki, Məhəmməd Məmmədlinin qitə çempionu olması üçün cəmi 1 kq ağırlıq kifayət etməyib.
Klaypedada keçirilən ağırlıqqaldırma  üzrə 15 və 17 yaşına qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyində daha bir atletimiz qüvvəsini sınayıb. Yaşı 15-ə qədər olan idmançılar arasında 69 kq çəki dərəcəsində Kənan Əliquliyev öz bacarığını nümayiş etdirib. Birdən qaldırma hərəkətində ağırlıqqaldıranımız 107 kq çəkini uğurla başı üzərinə qaldırıb. O, sonrakı sifarişdə 111 kq çəki üçün podiuma çıxıb. Həmin çəkini idmançımız iki yanaşma hesabına ram etməyə müvəffəq olub. Elə bu göstərici ilə o, bu mərhələni gümüş medalla tamamlayıb.
Təkanla qaldırmada atletimiz əvvəlcə 131 kq-ı başı üzərinə qaldırıb. İkinci yanaşmasında 136 kq ağırlığında öhdəsindən gələn Kənan son cəhddə 140 kq nəticə üçün podiuma çıxıb. Lakin həmin cəhd uğursuz alınıb. Atletimiz bu mərhələni də eyni nəticə ilə başa vurub. 
Ancaq sona qədər mübarizə aparsa da, bu, onda alınmadı. Buna baxmayaraq, 15 yaşlı ağırlıqqaldıranımız bu hərəkətdə də ikinci oldu.
Çıxışın yekunlarına əsasən, iki hərəkətin cəmində 247 kq (111 kq + 136 kq) nəticə göstərən Kənan Əliquliyev Avropa birinciliyində gümüş medala layiq görülüb. 
69 kq çəki dərəcəsində mübarizə aparan Elşad Şərifov birdənqaldırma hərəkətində hər üç yanaşmasında ağırlığa təslim olmayıb. O, 105 kq, 110 kq və 113 kq-lıq çəkini başı üzərinə qaldırıb. Təkanla qaldırma yarışlarında da atletimiz təşəbbüsü əldən verməyib. Əvvəlcə 125 kq, sonra 133 kq çəkinin öhdəsindən gələn Elşad sonda isə 136 kq ağırlığı da başı üzərinə qaldırıb. İki hərəkətin cəmində 249 kq (113 kq + 136 kq) nəticə göstərən Elşad Şərifov Avropa birinciliyində 6-cı yerlə kifayətlənib.
Litvanın Klaypeda şəhərində mübarizə aparan son atletimiz də ümidləri doğruldub. 94 kq çəki dərəcəsində çıxış edən idmançımız birdənqaldırmada hər üç yanaşmasını (142 kq, 147 kq, 151 kq) uğurla yerinə yetirərək, bu mərhələni ikinci pillədə başa vurub. 
Təkanla qaldırma yarışında da uğur ondan yan keçməyib. 170 kq nəticə ilə atletimiz ən azı gümüş medalı özü üçün təmin etməyə müvəffəq olub. Bununla kifayətlənməyən ağırlıqqaldıranımız riskə edərək, qaldırdığı çəkiyə birdən-birə 10 kq artıq  artırıb. Amma atletimizin bu çəkiyə gücü çatmayıb. Ruhdan düşməyən Dadaş 183 kq sifariş verib. Bu çəkinin öhdəsindən gələn təmsilçimiz yüksək nəticəyə nail olub. 183 kq-ı başı üzərinə qaldıran idmançımız Avropa çempionu tituluna yiyələnməklə, medal kolleksiyamıza daha bir qızıl əlavə edib. O, bu nəticəyə 334 kq (151 kq + 183 kq) göstərici ilə nail olub. 
Qeyd edək ki, bundan qabaq Klaypedada atletlərimizdən Rüstəm İmanzadə (62 kq) qızıl, Mərziyyə Məhərrəmova (48 kq) gümüş, Gülçin Əlizadə (53 kq) isə bürünc medala layiq görülmüşdü.