"Planetin ən maraqlı idman növü futboldur”, - desək, yanılmarıq. Milyonların sevimlisi olan futbolda həyata keçirilən tarnsferlərin qiyməti də milyonlarla ölçülür. Hər il "transfer pəncərəsi” dövründə komandaların xərclədikləri pullar ümumilikdə fantastik rəqəmə çevrilir. Maraqlıdır, bəs görəsən, son illərin ən səs-küylü transferlərini hansı komandalar həyata keçiriblər və keçidlərə nə qədər vəsait sərf olunub. Bu sahədə aparılan araşdırmaların nəticələrini oxuculara təqdim edirik.
1. Qaret Beyl("Tottenhem”dən "Real”a) - 100 milyon avro
Üç il idi ki, Qaretin "Tottenhem”dən gedəcəyi barədə söhbətlər dolaşırdı. Nəhayət, bu gənc yarımmüdafiəçinin arzusu reallaşdı. İngilis futbolçu "Real”a keçdi. Qaret etriaf etmişdi ki, onun kumiri Ronaldudur və məhz portuqaliyalı ilə çiyin-çiyinə oynamaq arzusundadır. Nəhayət, uzun sürən danışıqlar başa çatdı və "Tottenhem”in prezidenti Daniel Levi 100 milyon avro müqabilində Qareti "Real”a satdı. Həmin pula "Tottenhem” 7 yeni futbolçu əldə etdi. Şübhəsiz, Beylin satılması ingilis klubuna çətinlik yaradacaq. İngilislər ötən mövsüm Çempionlar Liqasında güclü rəqabət aparırdılar. Bu mövsümdə isə, yəqin ki, güclü klubların yarışında duruş gətirmək asan olmayacaq. Hətta komandanın təcrübəli oyunçusu Andre Villaş etiraf edib ki, Qaretin gedişindən sonra hücum xəttində boşluq yaranacaq. Yəqin ki, "Uart Xart Leyn”də toplaşan azarkeşlər uzun illər Qaret Beyli xatırlayacaqlar.
2. Kriştianu Ronaldu("Mançester Yunayted” dən"Real”a) - 94 milyon avro
Qaret Beylin keçidinə qədər ən bahalı transfer məhz Kriştianu Ronaldu hesab olunurdu. Portuqaliyalı 2009-cu ildə 94 milyon avroya "Real” klubuna keçib. Məşhur futbolçu onun üçün ödənən pulun, necə deyərlər, əvəzini artıqlaması ilə çıxıb. Belə ki, o, "kral klubu”nda çıxış etdiyi son 4 il ərzində rəqib qapılara 200 qol vurub. Bununla da, o, "Real”ın tarixində ən yaxşı bombardirlərdən biri olub. Məhz portuqaliyalının gözəl oyunu "Real”a İspaniya kubokunu, ölkə çempionluğunu və Super-kubokunu qazandırıb. Təsadüfi deyil ki, "kral klubu”nun prezidenti Florentino Peres bir ildən çoxdur ki, Ronaldonu dilə tutmağa, onunla 2018-ci ilə qədər müqavilə bağlamağa çalışır. Yeri gəlmişkən deyək ki, portuqaliyalı futbolçu Qaret Beylin "Real”a keçidini diqqətlə izləyirdi. Çünki yeni oyunçu Ronaldonun "kral klubu”ndakı mövqeyini "silkələyə” bilər. Belə olarsa, portuqaliyalı yarımmüdafiəçi "Real”da aldığı əmək haqqının artırılması tələbini irəli sürəcək. Yəqin ki, yaxın günlərdə bu məsələnin hansı sonluqla bitəcəyinin şahidi olacağıq.
3. Zinəddin Zidan
("Yuventus”dan "Real”a) - 74,5 milyon avro
Futbol tarixinin ən yaxşılarından biri olan Zinəddin Zidan "kral klubu”nun simvolu sayılır. Madriddə çıxış etdiyi 5 il ərzində bu futbolçu 6 dəfə ən yaxşı mükafata layiq görülüb. Zidan İspaniya çempionu, Çempionlar Liqasının qalibidir. Bir vaxtlar 74,5 milyon avroya "Real”a transfer olunan keçmiş futbolçu hazırda bu klubun baş məşqçisi Karlo Ançelottinin köməkçisi vəzifəsini daşıyır.
4. Luiş Fiqu
("Barselona” dan "Real”a) - 70 milyon avro
5 il "Barselona”da çıxış edən və fanatların kumirinə çevrilən Fiqu 2000-ci ilin yayında gözlənilməz addım atdı: o, "Real” klubuna keçəcəyini açıqladı. Bu, riskli bir iş idi. Çünki İspaniyanın, həmçinin planetin bu iki aparıcı klubu arasında əbədi bir rəqabət hökm sürür. Təbii ki, "Barsa”nın fanatları kumirlərinin bu qərarını nifrətlə qarşıladılar. Fiqunun "kral klubu”nun heyətində "Nou Kamp” stadionunda keçirdiyi ilk oyun fanatların ona nifrət bəslədiklərini sübut etdi. Tribunalarda yerləşdirilən xüsusi hazırlanmış şüarlar Fiqunun əleyhinə təhqiredici sözlərlə doldurulmuşdu. Top hər dəfə bu futbolçuda olanda "barsa”lılar fit çalır, portuqaliyalıya "qucaq dolu” söyüş göndərirdilər. Hətta fanatlardan biri Fiqunun üstünə donuz başı atmışdı. 70 milyon avroya transfer olunan Fiqu "Real”da 2 dəfə İspaniya çempionu adını qazanıb, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
5. Kaka
("Milan”dan "Real”a) - 64, 5 milyon avro
Braziliyalı futbolçuya görə külli miqdarda xərc çəkilməsi "Real”ın keçmiş prezidenti Florentino Peres üçün dövrünün ən uğursuz işi sayılır. Düzdür, klub Kakanın adı yazılmış futbol köynəklərinin satışından xeyli gəlir əldə etdi. Amma idman nöqteyi-nəzərindən Madrid klubu bu transferdən heç nə qazanmadı. Yəni Kaka İspaniyada gözəl oyun nümayiş etdirə bilmədi. Son məlumatlara görə, 31 yaşlı "sambaçı” əvvəlki komandasına - İtaliyanın "Milan” klubuna qayıtmaq arzusundadır. Onu da deyək ki, braziliyalı futbolçu ən çox əmək haqqı alan idmançılar (il ərzində 10 milyon avro) sırasındadır.
6. Edinson Kavani
("Napoli”dən "PSJ”yə) - 63 milyon avro
Uruqvay yığmasının hücumçusu olan Edinson Kavani bu mövsümdə transfer ediləcək futbolçular arasında xüsusi diqqət mərkəzində idi. "Çelsi”, "Mançester Yunayted” və "Arsenal” kimi aparıcı klublar bu oyunçu ilə ciddi maraqlanırdılar. Lakin Kavani Fransanın PSJ klubunu seçdi. Zlatan İbrahimoviçin də yer aldığı bu klubun hücum xətti, yəqin ki, rəqiblərinə baş ağrısı olacaq.
7. Zlatan İbrahimoviç
("İnter”- "Barselona”) - 61 milyon avro
Bəzən Adama elə gəlir ki, "Barselona”ya keçən bahalı legionerlərin bəxti bu komandada gətirmir. Kataloniya klubuna transfer olunan Aleksandr Qleb Tyerri Anri və Zlatan İbrahimoviç kimi məşhurları buna misal çəkmək olar. Deyilənlərə görə, "Barsa” İbrahimoviçi tünd xasiyyətinə görə sevməyib. Komandanın keçmiş baş məşqçisi Pep Qvardiola ilə mübahisə edən Zlatan Kataloniyadan ayrılmalı olub. O, əvvəlcə "Milan”a üz tutub, buradan isə PSJ-yə keçib.
8. Falkao
("Atletiko” dan "Monako”ya) - 60 milyon avro
Kolumbiyalı hücumçunu əldə edən "Monako” bu mövsüm Fransa çempionu olmaq niyyətindədir. Klubun tarixində ən bahalı transferi - Falkao bu məsələdə aparıcı rol oynaya bilər. Onu da deyək ki, təcrübəli futbolçu "Monako”nun 60 milyon avro vəsaitini heç də havaya sovurmayıb. Belə ki, Falkao yeni komandasında keçirdiyi 4 oyunda 3 qol vurmaqla deyilənləri sübut edib.
9. Halk
("Portu”dan "Zenit”ə) - 59, 5 milyon avro
Braziliyalı futbolçu keçən ilin sentyabrında Sankt-Peterburq klubuna transfer olunub. Elə həmin vaxtdan "Zenit”də qalmaqallar başlayıb. Bu cür halların yaranmasında katalizator rolunu məhz Halk oynayıb. İş o yerə çatıb ki, İqor Denisov kimi təcrübəli futbolçu doğma klubunu tərk edib. Bütün bunlara baxmayaraq, Halk "Zenit”in lideridir və komandaya böyük xeyir verir.
10. Fernando Torres
("Liverpul” dan "Çelsi”yə) - 58,5 milyon avro
Bu futbolçunun transferi "Çelsi”nin sahibi Roman Abramoviçin ən uğursuz işi sayılır. Çünki Torres bir neçə titulun sahibi olsa da, əvvəlki formasından əsər-əlamət qalmayıb. Təsadüfi deyil ki, komandanın təcrübəli məşqçisi Joze Mourinyo "Mançester Yunayted”dən Ueyn Runini əldə etmək istəyib. Ancaq Runinin transferi mümkün olmayıb. Əlacsız qalan Mourinyo "Anji”dən Samuel Eto O-nu "Çelsi”yə gətirib.