Bu gün Topaz Premyer Liqasında VI tura start verilib. Millilərin oyunları ilə əlaqədar yaranan 10 günlük fasilədən sonra təşkil olunan tur əvvəlkilərdən fərqlənəcək. Belə ki, VI turun qarşılaşmaları 4 gün ərzində keçiriləcək.
Tura paytaxt derbisi ilə start verilib. Son turda məğlub olan "Neftçi” və "İnter” komandaları öz aralarında qalibi müəyyənləşdirməyə çalışıblar. Ən azı 1 günlük zirvəyə qayıtmaq imkanı olan Tərlan Əhmədovun yetirmələri "Bakı” ilə görüşdəki böyükhesablı məğlubiyyəti unutdurmağa çalışıblar. "İnter” isə uğursuz startdan sonraya təsadüf edən fasilədən yararlandığını göstərməli idi. Matç "ağ-qaralar”ın qələbəsi ilə başa çatıb - 3:1. Bu nəticədən sonra "Neftçi”, ən azı, bir günlük liderliyə yüksəlib.
Autsayderlər sırasında qərarlaşan "Rəvan” klubunun işi çətindir, desək, yanılmarıq. Bakılılar liderlər qrupunda olan "Qarabağ” komandasını qəbul edəcək. Ötən tur AZAL-a uduzmaqla ilk pilləni əldən verən Qurban Qurbanovun yetirmələri yenidən turnir cədvəlinin zirvəsinə qalxa bilər.
Turun maraqlı oyunlarından biri Lənkəranda təşkil olunacaq. "Bakı” və "Xəzər Lənkəran” turnir cədvəlinin fərqli hissələrində qərarlaşsalar da, bu amil oyunun prinsipiallığına təsir etmir. Çempionatda qələbə qazana bilməyən yeganə komanda olan cənublular ardıcıl 4 oyundur qol vura bilmir. Onların son turların ən yaxşı komandasının qapısına yol tapacaqları çətin görünür. Paytaxt təmsilçisi fasilə ərəfəsində ardıcıl 3 böyük hesablı qələbəyə sevinib.
Son oyun günü turun digər 2 matçı keçiriləcək. Əsas diqqətlər "AZAL Arena”ya yönələcək. Çempionatın lideri olan meydan sahibləri "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Xal sayına görə rəqibə çatmağı hədəfləyən Yuri Syominin yetirmələri bakılıların qələbə seriyasını qırmaq əzmindədirlər. Meydan sahibləri isə mövqeyini qorumaq üçün xal itirməməlidir. Ev oyununu Qəbələdə keçirəcək "Simurq” isə "Sumqayıt”la üz-üzə gələcək. Turnir cədvəlindəki qonşu pillələrdə qərarlaşan komandaların qarşılaşmasında meydan sahibləri daha şanslı hesab olunur. Lakin qonaqlar da səfərdən xalla qayıtmaq niyyətindədirlər.
Topaz Premyer Liqası
VI tur
12 sentyabr (cümə axşamı)
"Neftçi” - "İnter” - 3:1
Qollar: Araz Abdullayev, 15, Karlos Kardoso, 20, Melvin Platye, 45 (pen.) - Vaqif Cavadov, 68.
Bakı. "Bakcell Arena” stadionu.
13 sentyabr (cümə)
18:00.
"Rəvan” - "Qarabağ”
Bakı. "Bayıl Arena” stadionu.
14 sentyabr (şənbə)
19:00. "Xəzər Lənkəran” - "Bakı”
Lənkəran. Şəhər stadionu.
15 sentyabr (bazar)
17:00. "Simurq” - "Sumqayıt”
Qəbələ. Şəhər stadionu
18:00. AZAL - "Qəbələ”
Bakı. "AZAL Arena” stadionu.