Şəhidlərin xatirəsinə həsr olunmuş açıq Astara rayon tiurniri keçirilib

Şəhidlərin xatirəsinə həsr olunmuş açıq Astara rayon tiurniri keçirilib

Astara Olimpiya İdman Kompleksində oğlanlar arasında sərbəst güləş üzrə 2005-2007-ci illər təvəllüdlü yeniyetmələr və 2008-2009-cu illər təvəllüdlü kiçik yeniyetmələr arasında açıq Astara rayon turniri keçirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, sərbəst güləş üzrə kiçik yeniyetmələr üzrə Azərbaycan yığma komandasının məşqçisi Namiq Quliyev, Vətən müharibəsi qazisi, “Azərbaycan Bayrağı” ordenli Rüfət Əsədullayev çıxış edib. Onlar respublikada təlim məşqlərin müntəzəm olaraq keçirildiyini, idmançıların beynəlxalq yarışlarda yüksək nəticələrə nail olduqlarını qeyd ediblər. Bildirilib kı, yarışın məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, sərbəst güləş idman növünün kütləviliyinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkilidir. Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, 44 günlük Vətən müharibəsində Azərbaycan vətəndaşlarının, gənclərinin, idmançılarının qəhrəmanlıqlarından bəhs edib və yarışda idmançılara uğurlar arzulayıb.
Sonra yarışa start verilib. Yarışda 23 komanda -Astara, Lənkaran (Təhsi), Gəncə, Masallı, Şamaxı, Şəmkir, Şirvan, Zaqatala, Şəki, Xocəvənd (Beyləqanda yerləşir), Sumqayıt, “Məhsul” (Təhsil), “Qara bəbir” (Abşeron), Abşeron-2, “Olimpsport” (Bakı), ”Lokomotiv” (Bakı), MOİK (Bakı), ROİL (Bakı), ”Neftçi” (Bakı), ”Günəşli” (Bakı), “Zenit” (Bakı), “Dinomo” (Bakı), “Əlincə” (Masazır, Bakı) şəhər və rayonlarının idman klubları, idman cəmiyyətlərini təmsil edən 149 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparıb.
Sonda müxtəlif çəki dərəcələrində ilk üç yeri tutan idmançılar Astara Olimpiya İdman Kompleksinin təsis etdiyi diplomlar və medallarla təltif olunublar.

 

                              İqrar Cəfərov, Astara RGİİ-nin rəis müavini