"Haas" rusiyalı pilotu yola salır

"Haas" rusiyalı pilotu yola salır

Formula 1 üzrə dünya çempionatında çıxış edən "Haas" komandası rusiyalı pilotu Nikita Mazepinlə yollarını ayırmağı qərara alıb.
Bu barədə jurnalist Serxio Rodriges məlumat yayıb.
O bildirib ki, "Haas" Mazepini ehtiyat komandasından Pietro Fittipaldi ilə əvəzləyəcək. 26 yaşlı sürücü Mik Şumaxerlə birlikdə 10 - 12 martda Bəhreyndəki ikinci qış sınaq yarışlarında iştirak edəcək.
ABŞ təmsilçisinin tezliklə məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, 23-25 sentyabrda təşkili planlaşdırılan Rusiya Qran-prisi Ukrayna ilə müharibə səbəbindən ləğv edilib. Formula 1 mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.