Sentyabrın 18-də Milli Olimpiya Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə layihəsi əsasında 1 saylı cəzaçəkmə müəssisəsində mini futbol turnirinin həlledici oyunu keçirildi.
Yeni mövsümün başlanmasına həsr olunan turnirdə 1 saylı cəzaçəkmə müəssisəsinin 8 komandası qalib adı uğrunda mübarizə aparırdı. Turnirin finalında 2-ci və 7-ci dəstənin komandaları münasibətlərinə aydınlıq gətirdilər. Hər hissəsi 30 dəqiqə olan matç maraqlı mübarizə şəraitində keçdi. Birinci hissə 7-ci dəstə komandasının üstünlüyü şəraitində keçdi. Onların vurduğu 3 qola rəqib yalnız 1 topla cavab verdi. Fasilədən sonra matçın ssenarisi dəyişdi. Bu dəfə azarkeşlər oyunda 2-ci dəstə komandasının ərazi üstünlüyünün şahidi oldular. Bu amil hesaba öz təsirini göstərdi. İkinci hissədə rəqib qapısına 7 qol vuran 2-ci dəstə komandası üstünlüyü ələ keçirdilər. Beləliklə, 8:5 hesabı ilə qələbə qazanan 2-ci dəstə komandası çempion adını qazandılar.

Final mərhələsindən sonra mükafatlandırma mərasimi keçirildi. Mərasimdə 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytinantı Fikrət Qafarov, rəis müavinləri - ədliyyə polkovnik-leytinantı Elxan Bəylərov, ədliyyə polkovnik-leytinantı Abas Hüseynov, ədliyyə mayoru Xaləddin Həsənov və digər rəsmi şəxslər iştirak etdi.
Mükafatlandırma mərasimində qalibləri təbrik edən Elxan Bəylərov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. E.Bəylərov cəzaçəkmə müəssisələrində olan məhbusların asudə vaxtlarının səmərəli keçirilməsi üçün həyata keçirilən layihələrdən danışdı. O, belə tədbirlərin tez-tez təşkil olunacağını vurğuladı: "Cəzaçəkənlərin mənəvi və fiziki səviyyələrinin yüksək olması və onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün cəzaçəkmə müəssisəsi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. İndi ölkəmizdə hər bir
sahə sürətlə inkişaf etmişdir və bu inkişaf cəzaçəkmə müəssisələrində də özünü göstərir. Cəzaçəkmə müəssisəsinin məhbusları arasında növbəti dəfə olaraq, mini futbol turniri keçirdik. Belə yarışların keçirilməsi məhbuslar üçün tərbiyəvi əhəmiyyəti var və bu amil onların azadlığa çıxmasına stimul verir. Belə turnirlər gələcəkdə də davam edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam verib. Belə turnirlər Dövlət Proqramından irəli gəlir. İndiyədək brey-rinq, nərd, şahmat kimi yarışlar təşkil etmişik. Buyaxınlarda məhbuslar arasında voleybol turniri də keçirəcəyik”. 
Sonra çıxış etmək üçün söz Abas Hüseynova verildi. Baş hakim bu cür yarışların mütəmadi keçiriləcəyini qeyd etdi: "Milli Olimpiya Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə layihəsi 2007-ci ildən davam edir. Layihə çərçivəsində indiyədək cəzaçəkmə müəssisələrində olan məhbuslar arasında mini futbol, voleybol, stolüstü tennis, şahmat, dama, qol güləşi və digər idman növləri üzrə yarışlar keçirilib. Şübhəsiz ki, məhbuslar arasında futbol idman növü sevilir. Onlar həftədə iki dəfə bu idman növü ilə məşğul olurlar. Əsas məqsəd məhbusların asudə vaxtlarının səmərəli keçirilməsidir. Gələcəkdə də əməşdaşlığımız çərçivəsində müəyyən tədbirlər təşkil etmək niyyətindəyik”.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim edildi.
Qeyd edək ki, oyunları 1 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini, AFFA-nın nümayəndəsi Abas Hüseynov idarə edirdi.
Rahib Səmədov,
Azər Əlizadə