İlk "altılıq” komandalarından 4-ü məlumdur
Topaz Premyer Liqasında XX turun oyunları keçirilib. Təşkil olunan 6 qarşılaşmadan 4-ü paytaxtda olub. Keçirilən oyunlardan sonra ilk "altılıq”da mübarizə aparacaq daha bir komandanın adına aydınlıq gəlib. "Qarabağ” "Sumqayıt”ı, ilk dövrədə olduğu kimi, böyük hesabla məğlub edərək "altılığ”a vəsiqəni rəsmiləşdirən 4-cü komanda olub.

Birinci oyun günü 3 qarşılaşma keçirilib. "Qarabağ” doğma azarkeşlər önündə "Sumqayıt” klubunu sınağa çəkib. Qurban Qurbanovun yetirməli "evdə” 3 xal qazanmaq şansını əldən qaçırmaq istəməyib. Düzdür, ağdamlılar ilk "altılığ”a vəsiqəni 1 xalla da rəsmiləşdirə bilərdilər. Amma çempionluq uğrunda mübarizə aparan "Qarabağ” buna 3 cavabsız qolla qazandığı qələbə ilə nail olub. Oyuna hücumlarla başlayan ağdamlılar fasiləyədək yalnız bir dəfə fərqlənib. Fasilədən sonra Ağdam təmsilçisi sumqayıtlıları daha iki dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən ağdamlıların "İnter”, "Simurq” və "Neftçi”nin ardınca ilkin mərhələnin sonuna iki tur qalmış ilk "altılıq”da yer alacağı rəsmiləşib.
İlk "altılığ”a düşməyə çalışan daha iki komanda - "Bakı” ilə AZAL bu tur bir-birinə qarşı mübarizə aparıb. "Bakı”nın təlim-məşq bazasının stadionunda keçirilən qarşılaşmada hər iki komanda meydana qələbə üçün çıxmışdı. Amma 3 xal meydan sahiblərinə qismət olublar. Bojidar Bandoviçin yetirmələri buna iki cavabsız qolla nail olub. Qələbə sayəsində "zolaqlılar” ilk "altılığ”a düşmək şanslarını bir qədər artırıb. Meydan sahiblərinin heyətində çıxış edən Aqil Nəbiyev keçmiş komandasının qapısına qol vurub. Növbəti qolu isə Lukas Mario Horvat vurub. Bu məğlubiyyət "təyyarəçilər”in medallar uğrunda mübarizə aparmaq şanslarını xeyli azaldıb. 
"Kəpəz” doğma azarkeşlər önündə "Rəvan” klubunu qəbul edib. Oyun qonaq komandanın hücumları ilə başlayıb. Bunun nəticəsi olaraq, bakılılar hesabı açıblar: Mindauqas Kalonas fərqlənib. Hücumlarının davam etdriən "Rəvan” fasilədən sonra daha bir dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Ramazan Abbasov komandasına qələbə qazandıran qola imza atıb. Bu nəticə ilə Bakı təmsilçisi turnir cədvəlində 9-cu pilləyə yüksəlib.
İkinci oyun günündə çempionatın daha 3 qarşılaşması təşkil olunub. Turun birinci günündə olduğu kimi, bu dəfə də heç-heçə qeydə alınmayıb. Maraqlı oyunlardan biri "Şəfa” stadionunda keçirilib: "İnter” evdə "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qəbələ təmsilçisi də, ilk "altılığ”a düşmək üçün mübarizə apardığından meydana qələbə üçün çıxıb. Eyni istəyinə bir neçə tur əvvəl çatan "bankçılar” isə bu görüşə, sadəcə, 3 xal qazanmaq və ilk dövrədəki məğlubiyyəti unutdurmaq üçün çıxmışdı. "İnter” bu istəyinə çətinliklə də olsa, nail ola bilib. Oyuna meydan sahibləri hücumlarla başlayıblar. Matçın 6-cı dəqiqəsində Arif Daşdəmirov fərqlənib. Bundan sonra irəli atılan qonaq komanda bərabərlik qolunu vurmağa müvəffəq olub. Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçib. Ələ düşən imkanlardan lazımınca istifadə edən "bankçılar” qələbə qolunu vurmağa müvəffəq olub. Komanda yoldaşından əla ötürmə alan Samir Zərgərov komandasına minimu hesablı qələbə qazandırıb. "Qəbələ” isə ilk "altılıq” şanslarını son iki tura saxlamaq məcburiyyətində qalıb.
İlk "altılıq” şansları qalan daha bir klub - "Xəzər Lənkəran” doğma azarkeşlər önündə "Turan” klubunu sınağa çəkib. Qış fasiləsindən sonra özünə bənzəməyən Tovuz klubu bu görüşdə də şanslı görünmürdü. "Ağ-yaşıllar” əvvəlki turda evdə "İnter”ə məğlub olmuşdu. Amma komandanın yenə də xal itirəcəyi inandırıcı görünmürdü. Düzdür, meydan sahiblərinin müdafiə xətti bu dəfə də inamlı çıxışı ilə yadda qalmayıb. Birincilər aşkar favorit olduğu qarşılaşmada 4:2 hesabı ilə qalib gəlib. Bu qələbə ilə cənublular yenidən 6-cı pilləyə qayıdıblar. "Turan” isə uduzmaqla "altılıq” ümidləri ilə rəsmən vidalaşıb.
Turun mərkəzi oyunu Zaqatalada keçirilib. Son ölkə çempionu "Neftçi” "Simurq” klubunun qonağı olub. Paytaxt klubu qış fasiləsindən sonra ardıcıl üçüncü qələbəsini qazanmaq istəyirdi. Elə Zaqatala klubu da ev oyununda uduzmaq fikrində deyildi. Amma səviyyə fərqi bu dəfə də sözünü deyib. Georgi Çixradzenin yetirmələri birinci hissədə buraxılan iki qolun əvəzini sona qədər çıxa bilməyiblər və məğlubiyyətlə üzləşiblər. Bakılıların heyətində bu il meydanı qolsuz tərk etməyən Nikolas Kanales və kapitan Rəşad Sadiqov fərqlənib. Nəticədə, "Neftçi” 38 xalla lideri izləməkdə davam edir.
Topaz Premyer Liqası
XX tur
16 fevral
"Bakı” - AZAL - 2:0
Qollar: Aqil Nəbiyev, 41, Lukas Mario Horvat, 81.
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, İnqilab Məmmədov.
Bakı. "Bakı”nın təlim-məşq bazasının stadionu.
İlk dövrədəki oyun - 1:2
"Kəpəz” - "Rəvan” - 0:2
Qollar: Mindauqas Kalonas, 7; Ramazan Abbasov, 64.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov.
Bakı. "Dalğa Arena” stadionu.
İlk dövrədəki oyun - 2:1
"Qarabağ” - "Sumqayıt” - 3:0
Qollar: Vaqif Cavadov, 30; Admir Teli, 82; Rəşad Sadıqov, 86.
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Coşqun Həsənov, Elvin Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk dövrədəki oyun - 6:1
17 fevral
"İnter” - "Qəbələ” - 2:1
Qollar: Arif Daşdəmirov, 6, Samir Zərgərov, 73 - Yannik Kamanan, 22.
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Rauf Cabbarov.
Bakı. "Şəfa” stadionu
İlk dövrədəki oyun - 0:1
"Xəzər Lənkəran” - "Turan” - 4:2
Qollar: Manuel Skarlatake, 4, 42, Gökhan Güləc, 45+2, Sadio Tounkara, 84 - Salif Ballo, 45, Ender Günlü, 61.
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Ömər Paşayev.
Lənkəran. Şəhər mərkəzi stadionu.
İlk dövrədəki oyun - 1:2
"Simurq” - "Neftçi” - 0:2
Qollar: Nikolas Kanales, 29, Rəşad Sadiqov, 43.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun - 1:2