AMPK və IPC rəhbərləri gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar

AMPK və IPC rəhbərləri gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) rəhbəri Endrü Parsons arasında onlayn formatda görüş olub.
AMPK-nın mətbuat xidmətindən verilən məlumata görə,  İ.Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək fəaliyyət barədə, eyni zamanda, cari ilin noyabrında keçiriləcək paracüdo üzrə dünya çempionatına hazırlıq barədə məlumat verib.
İ.Rəhimov E.Parsonsun rəhbərliyi altında beynəlxalq Paralimpiya hərəkatının daha da inkişaf etdiyini vurğulayaraq bildirib ki, AMPK IPC-nin gördüyü işlərə gələcəkdə də dəstək verəcək.
AMPK rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə Paralimpiya hərəkatının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb və paralimpiyaçılarımızın Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlığı barədə danışıb.
E.Parsons qeyd edib ki, AMPK beynəlxalq Paralimpiya hərəkatına böyük töhfə verir və həmişə IPC ilə sıx əməkdaşlıq edir. E.Parsons ölkə başçısı İlham Əliyevin Paralimpiya hərəkatına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Daha sonra gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekununda İ.Rəhimov IPC prezidentini Bakıya dəvət edib. E.Parsons isə dəvəti qəbul edərək öz təşəkkürünü bildirib.