Azərbaycan Cüdo Federasiyasının prezidentinə beynəlxalq federasiya tərəfindən etimad göstərilib

Azərbaycan Cüdo Federasiyasının prezidentinə beynəlxalq federasiya tərəfindən etimad göstərilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən etimad göstərilib. R.Nəbiyev beynəlxalq qurumun yeni yaradılmış Yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyasının sədri seçilib. Komissiyanın əsas missiyası müasir texnologiyaları tətbiq edərək idmançıların performansını yüksəltmək istiqamətində tədbirlər həyata keçirmək, eyni zamanda, cüdo idman növünün hərtərəfli inkişafına nail olmaqdır.

BCF-nin rəsmi saytında bildirilib ki, yeni komissiya daim dəyişən dünyada cüdonu təbliğ edərək, ümumilikdə idmanın inkişafına kömək edəcək, eləcə də texnologiyaları müasir bir vasitə kimi idmançıların və cəmiyyətin xeyri üçün istifadə edilməsi istiqamətində çalışacaq. Belə ki, müasir dünyada yeni texnologiyalar hər bir sahəyə, o cümlədən idman sahəsinə də öz müsbət təsirini göstərməkdədir.

Buna görə də, yeniliklərə hər zaman açıq olan və bu yenilikləri cüdoya vaxtında və ən məhsuldar şəkildə tətbiq etməyi hədəfləyən BCF Yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyası yaratmağa qərar verib.