Bakı Avropa “nəhəngləri” ilə mübarizəyə başlayır

Bakı Avropa “nəhəngləri” ilə mübarizəyə başlayır

Dünəndən etibarən UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar yığıncağı başlayıb. Xorvatiyanın Dubrovnik şəhərində təşkil olunan iclasda əsas müzakirə mövzusu qarşıdakı Avropa çempionatlarıdır. Belə ki, tədbirin gündəliyində də Fransada təşkil ediləcək EURO-2016 və EURO-2020 ilə bağlı məsələlər yer alıb. Əsas mövzu isə 7 ildən sonrakı çempionatın ev sahibliyinə namizədlər siyahısının təsdiqi olacaq. Belə ki, UEFA-nın qərarı ilə 13 müxtəlif şəhərdə keçiriləcək yarış üçün müraciətlərə baxılır.
Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatında ilk dəfə olaraq 24 komanda iştirak edəcək. İndiyədək çempionatın final mərhələsinə paralel olaraq maksimum 2 ölkə ev sahibliyi edib. Sonuncu qitə çempionatı 2012-ci ildə Polşa və Ukraynada təşkil olunub. Növbəti çempionat 2016-cı ildə Fransada olacaq. Həmin ölkə sonuncu dəfə 1998-ci ildə turnirə ev sahibliyi edib. Maraqlı məqamdır ki, fransızlar ev sahibliyi etdiyi qitə birinciliyinin qalibi olublar.

UEFA namizədlərin tam siyahısını gizli saxlayır
Avropa futbol qurumu 2008-ci ildən etibarən Avropa çempionatının formatında dəyişiklik etmək qərarını verib. Qlobal maliyyə böhranı futbola da böyük təsir etməyə başlayıb. Böhranın nəticələri Polşa və Ukraynada təşkil olunan EURO-2012-də daha çox hiss olunub. Həmin vaxt Təşkilat Komitəsi bir sıra problemlərlə qarşılaşıb. Bundan sonra UEFA rəsmiləri qitə çempionatının formatında müəyyən variantlar üzərində işləyiblər. Nəticədə, qərara alınıb ki, 2020-ci ildə Avropa çempionatının final mərhələsində 16 komanda yox, 24 komanda iştirak etsin. 2012-ci ildə Kiyevdə keçirilən mətbuat konfransında UEFA-nın prezidenti Mişel Platini EURO-2020-nin formatında dəyişikliyin zəruri olduğunu vurğulamışdı. O, bildirmişdi ki, Avropa çempionatına təşkilatçılıq baxımından bu, uğurlu addım ola bilər. Əgər bu iş reallaşsa, ölkələrdə maliyyə böhranı yaranmayacaq. "Qitə çempionatına ev sahibliyi etmək niyyətində olan Avropanın hər hansı bir ölkəsinə lazım gəlməyəcək ki, 10 stadion inşa etsin və yaxud aeroport tiksin”, - deyə UEFA prezidenti əlavə etmişdi. Lakin UEFA prezidentinin irəli sürdüyü təklif KİV nümayəndəri və futbol federasiyalarında fərqli rezonans yaradıb. Kimisi bunu düzgün, kimisi isə səhv addım kimi dəyərləndirib. Fərqli fikirlərə baxmayaraq, 13 müxtəlif şəhərdə 24 komandanın iştirakı ilə keçiriləcək qitə çempionatı ideyası 2012-ci ilin dekabrın 6-da UEFA İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib.
Bundan sonra turniri təşkil etmək niyyətində olan ölkələr öz namizədlər şəhərlərinin adlarını UEFA-ya göndəriblər. EURO-2020-ni qəbul etməyə namizədlərin ilkin siyahısı artıq müəyyənləşib. 13 şəhərdə keçiriləcək yarışı qəbul etmək istəyənlər sentyabrın 12-dək UEFA-ya müraciət etməli idi. Namizədlik üçün verilən vaxt bitsə də, Avropa futbol qurumu namizədliyini verən şəhərlərin tam siyahısını hələ də açıqlamayıb. Görünür, UEFA İcraiyyə Komitəsinin bu gün keçiriləcək yığıncağını gözləməyi lazım bilib. Orada namizədliklər təsdiqlənərək, qəbul olunmalıdır. Lakin bu siyahı müxtəlif mənbələrdə yer alıb. Amma müəyyən fərqlərlə. Əksər mənbələrdə 19 ölkədən 21 şəhərin namizədliyinin verildiyi iddia edilir. Düzdür, adı bu "21-lik”də olmayanlardan Milan, Roma, Münhen, Oslo, Afina, Buxarest, Qüds, Stokholm, Barselona, Madrid və Valensiyanın da adı bəzi yerlərdə hallanır.
Nisbətən daha çox həqiqətə yaxın olan "21-lik”də Bakının da adı var. Paytaxtımızın burada demək olar ki, 18 rəqibi var. Ona görə ki, 2 şəhərlə təmsil olunan Portuqaliya və Ukraynanın hərəsindən yalnız 1-i yarışı qəbul edəcək. Yəni 19 ölkədən 6-sı kənarda qalacaq.

Bakı Olimpiya stadionu Avropaya örnək olacaq
Avropanın ən güclü futbol ölkələrinin mübarizəsi ilk dəfə olaraq Bakı şəhərində də keçirilə bilər. Azərbaycan rəsmi olaraq, Bakıda EURO-2020 çempionatının keçirilməsinə namizədliyini irəli sürüb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sənədin preambula hissəsində bildirilir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Belə bir mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanda futbolun daha da inkişafına və idman aləmində ölkəmizin nüfuzunun artmasına kömək edər.
Sərəncama əsasən 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim edilmək üçün sifariş kitabı hazırlanıb. Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.
Futbol mütəxəssislərinin fikrincə EURO-2020-nin final mərhələsinin oyunlarının Bakıda keçirilməsi şansları yüksəkdir və tələb olunan səviyyədə ölkəmiz bu yarışı keçirmək iqtidarındadır. Bunun qəbul olunduğu təqdirdə, oyunlar Bakıda tikilən yeni stadionda olacaq. 68 minlik tamaşaçı tutumuna malik olacaq Olimpiya stadionu 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Dubrovnikdəki iclasla bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun fikirlərini də öyrəndik. Mikayıl müəllim Bakı şəhəri ilə bağlı UEFA-dan xoş qərarın gözlədiklərini vurğuladı: "EURO-2020-yə ev sahibliyi etmək üçün artıq Bakı şəhərinin namizədliyini irəli sürmüşük. Qitə çempionatı ölkəmizdə keçirmək iddiasındayıq. UEFA-nın bununla bağlı qəbul edəcəyi qərarı gözləyirik. Bakının şansları yüksəkdir. Həmin tədbirdə də Avropanın futbol federasiyalarının baş katibləri iştirak edirlər. Ölkəmizi tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edir”.

12 şəhərin hər biri 4 oyuna ev sahibliyi edəcək
Təşkilatçılar EURO-2020-nin final mərhələsinin oyunlarını 13 ölkənin 13 fərqli şəhərində təşkil edəcəklər. Qeyd edək ki, həmin ildə keçiriləcək Avropa çempionatı yubiley turniri olacaq. Məsələ burasındadır ki, ilk dəfə Avropa çempionatı 1960-ci ildə Fransada keçirilib. 2020-ci ildə UEFA bu turnirin 60 illik yubileyini qeyd edəcək. Ona görə də, həmin il təşkil olunacaq turnirin reqlamenti digərlərindən fərqlənəcək. Yeri gəlmişkən, qitə turnirinin ilk qalibi isə SSRİ yığması olub.
Avropanın 24 ən yaxşı yığma komandası arasında qitə çempionatının qalibi adı uğrunda 51 matç keçiriləcək. 12 şəhərin hər biri 4 oyuna ev sahibliyi edəcək. Belə ki, namizəd şəhərlər qrup mərhələsinin 3 və pley-offun 1 matçını təşkil edəcəklər. 13-cü şəhər isə yarımfinal və final matçlarına ev sahibliyi edəcək. Bir ölkənin daxilində bütün görüşlər bir stadionda olacaq. Həmçinin, hər iki yarımfinal və final matçları da. Hər assosiasiya iki sifariş verə biləcək. Biri standart paketlərə, biri də yarımfinal və final matçlarına. Avropanın futbol assosiasiyaları bir və ya iki şəhər sifarişləri təqdim edə bilərlər.
UEFA çempionatın keçirilməsinin dəqiq vaxtını namizəd şəhərlər bəlli olduqdan sonra açıqlayacaq. Çempionatın oyunlarına ev sahibliyi edən ölkələr mübarizədən aparmadan yarışa qatıla bilməyəcəklər. Əgər ev sahibliyi edən ölkənin yığması turnirin final mərhələsinə vəsiqə qazanarsa, onların qrupdakı yalnız 2 oyunu doğma azarkeşlər önündə keçiriləcək.

Namizəd şəhərlərdən nə tələb olunur?
1/2 final və final matçlarını təşkil etmək üçün namizəd şəhərlərin stadionları, ən azı, 70 min tamaşaçı tutumuna malik olmalıdır. 1/4 final mərhələsinin oyununu keçirmək üçün 60 min nəfərlik stadion tələb olunacaq. 1/8 final və qrup mərhələsinin oyunları 50 min nəfərlik tamaşaçı tutumuna malik stadionlarda keçiriləcək. UEFA lazım gəldiyi təqdirdə, namizəd 2 şəhərin 30 min nəfərlik stadionuna da çempionatda iştirak etmək üçün şərait yaradacaq.
Qəbul olunmuş qaydaya görə namizəd şəhərlərin stadionları 2016-ci ildən gec olmayaraq, inşa edilməlidir. Bundan başqa, hər bir şəhərin 2 müasir aeroportu və yaxud da mövcud aeroportunun terminalı böyük olmalıdır.
Bu ilin may ayında UEFA prezidenti Mişel Platini bildirmişdi ki, EURO-2020-nin əksər oyunları indiyədək keçirilməyən şəhərlərdə təşkil olunacaq. Yeri gəlmişkən, Bakı şəhərinin indiyədək belə matçların keçirmək şansı olmayıb. UEFA prezidentinin fikrini nəzərə alsaq, Bakının turniri keçirmək şansları yüksəkdir. Bu isə o deməkdir ki, Avropanın bütün namizəd şəhərlərinin şansları bərabərdir. Yəni, təşkilatçılar inkişafda olan ölkələrlə iddialı futbol ölkələrinə eyni mövqedən baxacaqlar.
Qeyd edək ki, namizədliyi təsdiqlənən şəhərlərin sifariş kitablarının qəbulu və onların qiymətləndirilməsi gələn ilin yazında gerçəkləşəcək. Turnirin təşkil ediləcəyi ölkələrin stadionları və şəhərləri 2014-cü ilin sentyabrında müəyyən olunacaq.

1/2 final və final matçları İstanbulda keçiriləcək?!
Avropanın xəritəsinə nəzər saldıqda EURO-2020 uğrunda mübarizədə asan rəqiblərin olmadığı diqqət çəkir. Bakını Avropanın böyük şəhərləri ilə rəqabət gözləyir. Belə ki, şimaldan cənuba qədər, yəni Oslodan Afinaya qədər olan ölkələrin (Oslo, Helsinki, Madrid, Afina) namizədliyi yüksəkdir. Qərbdən şərqə, yəni Dublin Kardiff, Lyon Minsk, Donetsk, Tbilisi, Sankt-Peterburq kimi şəhərlər də turniri keçirməyə əsas namizədlər hesab olunurlar.
Yuxarıda qeyd etdiyimiz kimi, UEFA namizəd şəhərlərin adlarını tam açıqlamayıb. Ona görə də, müxtəlif mənbələrdə yer alan tam olmayan siyahını nəzərdən keçirdik.

Sankt-Peterburq, Krasnodar (Rusiya)
Şimal qonşularımız olan Rusiya Futbol İttifaqı Sank-Peterburq şəhərinin namizədliyini irəli sürüb. Sankt-Peterburqun "Qazprom Arena” stadionu Avropa çempionatının 4 matçına (yəni qrup mərhələsinin 3 oyunu və pley-offun 1 oyunu) ev sahibliyi etməyə iddialıdır. Rusiyanın ikinci namizəd şəhəri Krasnodardır. Qeyd edək ki, DÇ-2018-də oyunların keçirildiyi şəhərlər arasında Krasnodar yer almayıb. Qəbul olunmuş qaydalara görə UEFA hər ölkədən yalnız 1 şəhərin namizədliyini qəbul edir. Ruslar UEFA-nın seçimini gözləyəcək. Əgər Sankt-Peterburq şəhərinin stadionu tələblərə cavab verməsə, Rusiya Krasnodarın namizədliyini irəli sürəcək.

Kiyev, Donetsk (Ukrayna)
Ukrayna da EURO-2020 üçün 2 şəhərin namizədliyini irəli sürüb. Bunlardan biri paytaxt Kiyevin "Olimpiyski” stadionu, digəri isə Doneskin "Donbass Arena” stadionudur. EURO-2012-nin oyunları üçün tikilən paytaxtdakı stadion 70 min tamaşaçı tutumuna malikdir. Yerli futbol qurumu düşünür ki, bu stadionda EURO-2020-nin 1/2 final mərhələsi və final oyunlarına keçirilə bilər.
Minsk (Belarus)
Bu iştirakı ölkə prezidenti Aleksandr Lukaşenko irəli sürüb. Minskdə bu vaxta qədər belə mötəbər turniri keçirmək üçün standartlara uyğun stadion yoxdur. Lakin həmin müddətə qədər belaruslular "Traktor” klubunun bazasında yeni stadion tikilməsini planlaşdırırlar. Bu stadion 33 min tamaşaçı üçün nəzərdə tutulub.

İstanbul (Türkiyə)
Bu şəhərdəki stadionlar final və yarımfinal oyunları üçün ən real arenalar hesab olunur. Mişel Platini söz verib ki, Olimpiada-2020-də uduzan Türkiyəyə bu şansı yaradacaq. Belə ki, Almaniya Futbol İttifaqı əsas rəqibin şanslarını yüksək qiymətləndirərək, Münhenin namizədliyini geri götürüb. İstanbulun əsas namizəd göstərdiyi arena isə Atatürk Olimpiya stadionudur (76000 tamaşaçı).

London (İngiltərə)
İngilislər qitə çempionatının yarımfinal və final görüşləri üçün "Uembli” stadionunu təklif ediblər. Lakin İstanbulun şanslarının birdən-birə yüksəlməsindən sonra bu ölkə həmin stadionu qrup mərhələsinin matçları üçün təqdim etməyə məcbur olub. Hətta İngiltərə digər stadionun təqdim olunması fikri üzərində də götür-qoy edirlər. Həmin stadionlar isə hələ ki, seçim olunur.

Bilbao (İspaniya)
İspaniya EURO-2020-nin oyunlarını Bilbaoya gətirmək istəyir. Bunun üçün onlar Bilbaodakı stadionu təklif edirlər. Ötən həftə həmin şəhərdə olan "San-Mames” stadionu (53 min tamaşaçı) yenidən tikilərək istifadəyə verilib. Amma ispanların yarışda "Barselona”, "Real” və "Valensiya” variantlarını da irəli sürəcəkləri istisna deyil.

Lion (Fransa)
Fransa EURO-2020 üçün Lionda yerləşən 58 min azarkeş tutumuna malik stadionu təklif edir. Həmin arenanın inşası 2015-2016-cı illər ərzində nəzərdə tutulub. Fransızlar yeni stadionda qrup mərhələsinin, 1/8 və yaxud 1/4 final görüşlərini qəbul etməyi düşünürlər.

Amsterdam (Hollandiya)
Hollandlar UEFA-ya "Ayaks”ın doğma meydanı olan "Amsterdam Arena”nı təklif ediblər. Hazırda bu arena 53 min azarkeş tutumuna malikdir. Əgər şəhər namizəd kimi seçilsə, onda azarkeş tutumu 60 minə qədər artırılacaq. Hollandiya pley-offun oyunlarını keçirmək üçün iddialı görünür.
Bazel (İsveçrə)
İsveçrənin irəli sürdüyü arena "Bazel” klubuna aiddir. "Sent-Yokob Park” stadionu 38 min azarkeş tutumuna malikdir. İsveçrəlilər hələ ki, bu stadionun genişləndirilməsi barəsində düşünmürlər.

Belqrad (Serbiya)
Serblər EURO-2020-yə ev sahibliyi etmək fikrindədirlər. Amma Belqraddakı stadionunda problemlər var. Ölkə prezidenti bu barədə yaxın günlərdə öz qərarın verəcək. Ola bilsin ki, burada yeni stadionun tikintisinə başlanılsın.

Praqa (Çexiya)
Çexlər də öz namizədliklərini irəli sürüblər. Nə "Sparta”, nə də "Slaviya” klublarının stadionları yarış üçün yararlı deyil. Çexiyalılar buna görə də yeni stadion tikmək qərarını veriblər. Həmin arenanın tikintisinə 2016-cı ildə başlanılacaq.

Budapeşt (Macarıstan)
2017-ci ildə Budapeştdə dahi futbolçu Ferenç Puşkasın adını daşıyan möhtəşəm bir stadion yenidən bərpa ediləcək. 65 min nəfərlik arena EURO-2020 üçün nəzərdə tutulub. Macarlar həmin arenada yarımfinal və final oyunlarını keçirmək üçün iddialıdırlar. Bunun üçün onlar stadiondakı oturacaqları artırmalıdırlar.

Sofiya (Bolqarıstan)
Bolqarıstan hökuməti yeni stadionun tikilməsi üçün razılıq verib. Əgər bu barədə ortaq razılıq alınmasa, bolqarlar qitə yarışı üçün "Vasil Levski” stadionunu namizəd göstərəcəklər. Bu arena UEFA-nın standartlarına uyğundur.

Qlazqo (Şotlandiya)
Şotlandiya EURO-2020 üçün qonşuları - Uels və İrlandiya ilə birlikdə namizədliyini irəli sürmüşdü. Bu, yarışın bu formatda keçirilməsi planından əvvəl idi. Sonra isə format dəyişdikdən sonra şotlandlar tək namizədliyini irəli sürdülər. Qlazqodakı "Hemplen Paru”, "Seltik Park” və "Aybroks” stadionları favorit sayılırlar. Qeyd edək ki, bu stadionlarda Şotlandiya milliləri öz oyunlarını keçirirlər.

Kardiff (Uels)
Valliyalılar da EURO-2020-yə iddialıdırlar. UEFA prezidenti Mişel Platini onların yaxşı imkanları olduğunu deyib. Kardiffdə tanınmış "Millenium” stadionu var. Bu stadionun bərpa olunmasına ehtiyac yoxdur. Kardiffin yeganə problemi aeraportun bir terminaldan ibarət olmasıdır. Bu isə ciddi problemdir.

Dublin (İrlandiya)
Dublinin şansı Kardifdən daha yüksək qiymətləndirilir. Bu ölkənin nəqliyyat cəhətdən də heç bir problemi yoxdur.

Brüssel (Belçika)
Belçikalılar EURO-2020 üçün 60 min nəfərlik arenanı namizəd kimi göstəriblər. "Anderlext” klubunun stadionu əsas variant sayılır. Belçikalılar düşünürlər ki, həmin vaxta qədər daha böyük stadion tikməyə dəyməz. Bunun üçün ölkədə yüksək imkan yoxdur.

Lissabon, Portu (Portuqaliya)
Portuqaliyalılar bu iki şəhərin arasında seçimini son anda bildirəcəklər. Onlar "Draqou” (Portu), "Da Luş” (Lissabon) və "Jore Alvalade” (Lissabon) stadionlarını EURO-2020 üçün hazırlayıblar.
Anar Əhmədov,
Rahib Səmədov