AFFA-dan hakimləri təhqir edənlərə ağır cəza

AFFA-dan hakimləri təhqir edənlərə ağır cəza

Sentyabrın 17-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında baş verənlər müzakirə olunub.
"Neftçi” ilə oyunun 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılan "İnter”in baş məşqçisi Kaxaber Sxadadze 1 oyunluq cəzalanıb və klubu 1000 manat cərimələnib. Onun matç başa çatdıqdan sonra mətbuat konfransında ikinci dəfə iştirak etməməsi daha 2000 manat cərimə ilə nəticələnib. Görüşün 83-cü dəqiqəsində "İnter”in futbolçusu Abdulla Abatsiyevlə "Neftçi”nin oyunçusu Bruno Bertuççi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki futbolçu 1 oyunluq cəzalanıb, klublar hərəyə 200 manat cərimə olunublar.
"Rəvan”la matçın 54-cü dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün onlar 2000 manat ziyana düşüblər.
"Xəzər Lənkəran” - "Bakı” matçı da cəzalarla zəngin olub. Bakılıların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimələnib. Oyunun 8-ci dəqiqəsində "Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimələnib. Matçın fasiləsi zamanı hakimləri təhqir edən "Bakı”nın baş meneceri Zeynal Məmmədovun da cəzası eyni olub.
AZAL - "Qəbələ” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəyəcək. Qarşılaşmanın 50-ci dəqiqəsində "Qəbələ”nin futbolçusu Amit Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində "Qəbələ” klubunun məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər bir şəxs 1 oyunluq cəzalanıb. Klub isə 4 rəsmisinə görə ümumilikdə 4000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra "Qəbələ”nin məşqçisi Andrey Syomin hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb və klub 5000 manat cəriməyə məruz qalıb.