Yığmamızın FİFA reytinqindəki mövqeyi dəyişmədi

Yığmamızın FİFA reytinqindəki mövqeyi dəyişmədi


FİFA milli komandaların fevral ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2013-cü ildə ikinci dəfə açıqlanan turnir cədvəlinin ilk 3 pilləsində dəyişiklik olmayıb.

Turnir cədvəlinə son dünya və Avropa çempionu İspaniya yığması başçılıq edir. İspanların aktivində 1590 xal var. 2-ci pillədə 4 dəfə dünya çempionu olmaqla ən titullu yığma olan Almaniya millisi qərarlaşıb. Almanlar liderdən 153 xal geri qalmaqla bu pillədədirlər (1437 xal). İlk "üçlüy”ü Argentina millisi tamamlayır. Argentinalıların aktivində 1280 xal var.
İlk "onluq”da 2 pillə irəliləyən İngiltərə (1160 xal), 1 pillə geriləyən İtaliya (1157 xal), 1 pillə geriləyən Kolumbiya (1129 xal), Portuqaliya (1129 xal), Hollandiya (1108 xal), 1 pillə irəliləyən Xorvatiya (1059 xal) və 1 pillə geriləyən Rusiya (1055 xal) komandaları yer alıblar. 5 qat dünya çempionu Braziliya milli komandası reytinqdə 18-ci pillədəki mövqeyini qoruyub.
Azərbaycan milli komandası ötən ayla müqayisədə, mövqeyi dəyişməyərək, 118-ci pillədə qərarlaşıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 283 xal var. Qeyd edək ki, milli komandamız ötən ay 2 yoxlama oyununda qüvvəsini sınayıb. Həmyerlilərimiz yoldaşlıq oyunundan yalnız birində - Lixtenşteyn üzərində 1:0 hesablı qələbə qazanıb. Nəticədə ötən ay açıqlanan reytinqlə müqayisədə 6 xal qazanan yığmamız xallarının sayını 283-ə çatdırıb. Yığmamız UEFA-nın reytinq cədvəlində isə 44-cü yerdədir.
DÇ-2014-ün seçmə mərhələsində yığma komandamızın da yer aldığı F qrupunun favoriti Portuqaliya millisi qeyd etdiyimiz kimi, 1 pillə irəliləyib. Priney təmsilçisi 1144 xalla 6-cı yerdədir. Rusiya yığması isə 1 pillə geriləyib. Qonşu ölkə təmsilçisi 1055 xalla 10-cu yerdə qərarlaşıb.
Digər rəqibimiz İsrail yığması 10 pillə irəliləməyə müvəffəq olub. Bu komanda 495 xalla 66-cı yerdədir. Son dəfə seçmə mərhələdə millimizlə qarşılaşan Şimali İrlandiya yığması 4 pillə geriləyərək, ilk "yüzlük”də yerini itirib. Böyük Britaniya təmsilçisi 354 xalla 102-ci yerə enib. Lüksemburq millisi qrupun reytinqdəki autsayderidir. Ötən ayla müqayisədə mövqeyini "qoruyan” Lüksemburq 174 xalla siyahıda 148-ci olub. Türkiyə millisi də geriləyənlər sırasındadır. Qardaş ölkənin təmsilçisi 616 xalla 41-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli martın 14-də açıqlanacaq.

1 (1). İspaniya 1590
2 (2). Almaniya 1437
3 (3). Argentina 1281
4 (6). İngiltərə 1160
5 (4). İtaliya 1157
6-7 (5). Kolumbiya 1129
6-7 (7). Portuqaliya 1129
8 (8). Hollandiya 1108
9 (10). Xorvatiya 1059
10 (9). Rusiya 1055
11 (11). Yunanıstan 1020
12-13 (14). Kot-D İvuar 999
12-13 (12). Ekvador 999
14 (13). İsveçrə 993
15 (15). Meksika 968
16 (16). Uruqvay 950
17 (17). Fransa 929
18 (18). Braziliya 924
19 (26). Qana 865
20 (20). Belçika 864
...66 (76). İsrail 495
...102 (98). Şimali İrlandiya 354
...118 (118). AZƏRBAYCAN 283
...148 (148). Lüksemburq 174