Kubok Bakıda qaldı

Kubok Bakıda qaldı


Millimiz 5-ci dəfə beynəlxalq turnirin qalibi oldu 


Ötən həftə VI Beynəlxalq Bakı Futzal turnirinə yekun vurulub. 6 komandanın iştirak etdiyi turnirdə yığmamız çempion adını qazanıb.

3-cü turda Belarus millisi Özbəkistan yığması ilə münasibətlərinə aydınlıq gətirib. Maraqlı mübarizə şəraitində keçən matç asiyalıların minimum hesablı qələbəsi ilə başa çatıb (1:2). Avropa təmsilçisi, məğlub olmasına baxmayaraq, finala vəsiqə qazanıb. Digər qrupda Azərbaycan millisi moldovalı futzalçılarla qarşılaşıb. Millimizin üstünlüyü şəraitində keçən matçda azarkeşlər 7 qolun şahidi olublar. Bunlardan 6-sı həmyerlilərimizin aktivinə yazılıb - 6:1.
Həlledici mərhələdə 3 qarşılaşma keçirilib. Final mərhələsində əvvəlcə meydana 5-ci yer uğrunda mübarizə aparan komandalar çıxıblar. Azərbaycan-2 millisi ilə Moldova yığması üz-üzə gəlib. Maraqlı mübarizə şəraitində keçən matç moldovalı futzalçıların 5:3 hesablı qələbəsi ilə başa çatıb.
3-cü yer uğrunda keçirilən oyunda Latviya ilə Özbəkistan yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Oyunun taleyini bir qol həll edib. Yeganə qolu asiyalılar vurublar.
Final oyununda Azərbaycan milli komandası Belarus yığması ilə üz-üzə gəlib. Oyun futzalçılarımız üçün yaxşı başlamayıb. Matçın 12-ci dəqiqəsində rəqibin futzalçısı Sergey Slivonçik komandasını hesabda önə keçirib. Qoldan sonra irəli atılan millimiz hesabı bərabərləşdirməyə nail olub. Vitali Borisov rəqib qapıçı üçün seçim yeri qoymayıb. Futzalçılarımız oyunun sonlarına kimi qələbə qolunu da vurmağa müvəffəq olublar. Felipenin uzaqdan vurduğu top qarşısıalınmaz olub - 2:1.
Beləliklə, final oyununda da qələbə qazanan millimiz turnirin 5-ci dəfə qalibi olub. Turnirin tarixində yalnız 1 dəfə başqa yığma 1-ci olub. Bunu ötən il Ukrayna yığması gerçəkləşdirib.

 Oyundan sonra
Elxan Məmmədov (AFFA-nın baş katibi): "Sevindirici haldır ki, ötən müddət ərzində Beynəlxalq Bakı Futzal turniri xeyli populyarlıq qazanıb. Artıq müxtəlif komandalar bu turnirdə iştirakla bağlı özləri təşəbbüs göstərirlər. Builki yarışa hazırlıq işləri 7 ay əvvəl başlamışdı. İştirakçı komandaların nümayəndələri təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirirlər. Bu turnirin təşkilində əsas məqsəd ölkəmizdə futzalın, eyni zamanda, sağlam həyat tərzinin təbliğidir. Azərbaycan milli komandası üçün bu yarış Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Millimizi turnirin qalibi olması münasibəti ilə təbrik edirəm”.

Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): "Belarus yığması oyunun əvvəllərində qol vurmağa müvəffəq oldu. Bundan sonra xeyli qol vəziyyəti yaratsaq da, son nöqtəni qoymaqda çətinliklə üzləşdik. Təbii ki, əsas məqsədimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. Bu məqsədlə iki yoldaşlıq oyunu da keçirməyi planlaşdırırıq”.
Valeri Dasko (Belarus milli komandasının baş məşqçisi): "Turnir çox yüksək səviyyədə təşkil olunmuşdu. Komandaların məskunlaşması, məşq və oyunlar üçün yaradılmış şərait - bütün bunlardan tam razıyam. Hesab edirəm ki, yaxşı çıxış etdik. Final oyununda yaxşı mübarizənin şahidi olduq. Amma bu gün hakimlərdən razı qalmadım”.

VI Beynəlxalq Bakı Futzal turniri
3-cü tur
14 fevral
Belarus - Özbəkistan - 1:2
Moldova - Azərbaycan - 1:6

16 fevral
5-ci yer uğrunda oyun
Moldova - Azərbaycan-2 - 5:3
Hakimlər: Ramil Namazov, Ramiz Məhərrəmov, Azad Hüseynov.

3-cü yer uğrunda oyun
Latviya - Özbəkistan - 0:1
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Ramiz Məhərrəmov.

Final
Azərbaycan - Belarus - 2:1
Qollar: Vitali Borisov, Felipe - Sergey Slivonçik.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov.