Lənkəranlılar isə irəliləməkdə davam edirlər
Topaz Premyer Liqasında VII turun oyunları keçirilib. Əksər favoritlər xal itirdiyi halda, liderlər arasında yeganə qələbə qazanan "Qəbələ” klubu vahid lider olub.
İlk oyun günü bir qarşılaşma təşkil olunub. "Qəbələ” doğma azarkeşlər önündə "Rəvan” klubunu sınağa çəkib. Qalib gələcəyi halda, bölgə təmsilçisi, müvəqqəti də olsa, lider olmaq şansına malik idi. Yuri Syominin iddialı komandası bu vəzifənin öhdəsindən çox asan qələbə ilə gəlib. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "qırmızı-qaralar” son sıralarda olan rəqibini erkən dəqiqələrdən məyus etməyə başlayıb. Daniyel Subotiç ardıcıl 2-ci oyununda fərqlənməklə yüksək səviyyəli hücumçu olduğunu sübut edib. 3 cavabsız qolla qələbə qazanan "Qəbələ” "Rəvan”ın sonuncu pilləyə düşməsinə səbəb olub. Yuri Syominin yetirmələri, ən azı, bir günlük də olsa, ilk dəfə turnir cədvəlinin zirvəsinə yüksəliblər.

Növbəti oyun günündə 3 görüş olub. Bir qədər irəli gedib qeyd edək ki, həmin matçların heç birində qalib müəyyənləşməyib. Belə ki, paytaxda oynanılan üç matçdan ikisində "qol” səsi eşidilməyib. Ən maraqlı qarşılaşmalardan biri "Şəfa” stadionunda keçirilib. Görüşdə "İnter” evdə "Bakı” klubu ilə üz-üzə gəlib.
Geridə qalan altı oyunundan 3-də qalib gəlib, 3-də məğlub olmasına baxmayaraq, Milinko Pantiçin komandası daha inamlı çıxışı ilə seçilirdi. Bu səbəbdən onsuz da tarixinin ən pis vaxtını keçirən "bankçılar”ın şansları yüksək qiymətləndirilmirdi. Hər halda, son turda "Xəzər Lənkəran”a da uduzan "zolaqlılar”ın ardıcıl ikinci məğlubiyyətə imkan verməyəcəyini gözləmək olardı. Gözlənildiyi kimi də olub. Lakin "zolaqlılar” iki dəfə hesabda önə keçdikləri, daha üstün futbol göstərdikləri görüşü qələbə ilə başa vura bilməyiblər. Nəticədə, ilk heç-heçəsinə imza atan "bankçılar” sonuncu pillədən qurtula biliblər.
Son çempion "Neftçi” "Sumqayıt” klubu ilə münasibətlərinə aydınlıq gətirib. 5-ci dəfə qarşılaşan komandaların oyununda, adətən, məhsuldar hesab qeydə alınırdı. 4 görüşdə ümumilikdə 21 qol vuran rəqiblərin matçlarında 3-dən az top vurulmurdu. "Neftçi” isə hər qarşılaşmada minimum 2 dəfə rəqib qapısına yol tapırdı. "Sumqayıt” bu oyunlardan birində "ağ-qaralar”a qalib gələ bilmişdisə, qalan görüşlərdə uduzmuşdu. Bir sözlə, bu komandalar heç-heçə etmirdilər. Bu mövsüm də inamlı çıxışı ilə seçilən paytaxt klubunun rəqibini asanlıqla məğlub edəcəyini gözləmək olardı. Amma "Sumqayıt” bu oyunun ilk dəqiqələrindən məğlub olmağa hazırlaşmadığını sübuta yetirib. Nəticədə, sona kimi qarşılaşmada hesab açılmayıb - 0:0. Bu komandalar ilk dəfə meydanı heç-heçə ilə tərk ediblər.
Çempionatın digər lideri "Qarabağ” klubu "Simurq” komandasını sınağa çəkib. Əvvəlki oyunlarında daha çox - 6 dəfə heç-heçə edən bu komandalar eyni sayda (5) qələbəyə malik idilər. Son 5 oyunda isə meydan sahibləri uduzmurdular. Qurban Qurbanovun komandası son oyunlardakı xal itkisini unutdurmaq üçün mütləq qələbə qazanmağı qarşıya məqsəd qoymuşdu. Amma işləri pis getməyən "Simurq”un da paytaxta uduzmaq üçün gəlmədiyi bəlli idi. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşdə də hesabı açan, qalib gələn olmayıb. Heç-heçə isə daha çox "Qəbələ”nin xeyrinə olub.
Son oyun günü turun daha bir oyunu keçirilib. AZAL doğma azarkeşlər önündə "Xəzər Lənkəran” klubu ilə üz-üzə gəlib. "Təyyarəçilər”i 21-ci dəfə sınağa çəkən "Xəzər Lənkəran” geridə qalan matçlarda böyük üstünlüyə malik idi. Bu komanda həmin oyunlarda 12 qələbəyə sevinmişdi. AZAL cəmi 4 qələbə qazandığı halda, 4 qarşılaşmada heç-heçə qeydə alınmışdı. Amma cənublular son 3 görüşdə bu komandaya qalib gələ bilməyiblər. Son turda "Bakı”nı məğlub etməklə ilk qələbə sevincini yaşayan cənub təmsilçisi uğurun davamını gətirmək istəyirdi. Vaqif Sadıqovun yetirmələri isə son turda "Qəbələ”yə məğlubiyyətini unutdurmaq istəyirdi. Lakin bu görüş qonaq komandanın inamlı qələbəsi ilə başa çatıb. Birinci hissənin sonlarında meydandan qovulan Oskar Klava meydan sahiblərini çətin vəziyyətdə qoyub. Məhz bundan sonra daha üstün oyun nümayiş etdirən qonaqların heyətində Franko Nildo keçmiş komandasının qapısından iki qol keçirərək, "Xəzər Lənkəran”a ardıcıl ikinci oyunda qələbə sevinci yaşamaq imkanı verib. Bununla da çempionata uğursuz start verən "Xəzər Lənkəran” ardıcıl qələbə qazanmaqla vəziyyətini xeyli yaxşılaşdırıb. AZAL isə əksinə, yaxşı startdan sonra ardıcıl 2-ci dəfə meydanı xalsız tərk etməli olub.
Topaz Premyer Liqası
VII tur
20 sentyabr
"Qəbələ” - "Rəvan” - 3:0
Qollar: Daniel Subotiç, 8; Vladimir Levin, 9; Leonardo da Silva, 53 (pen.).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov.
Qəbələ. Şəhər stadionu.
21 sentyabr
"Qarabağ” - "Simurq” - 0:0
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev.
Bakı. "Dalğa Arena” stadionu.
"İnter” - "Bakı” - 2:2
Qollar: Aleksandr İaşvili, 29; Matiya Spiçiç, 86 - Əfran İsmayılov, 7 (pen.); 45.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
Bakı. "Şəfa” stadionu.
"Neftçi” - "Sumqayıt” - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev.
Bakı. "Bakcell Arena” stadionu.
22 sentyabr
AZAL - "Xəzər Lənkəran” - 1:3
Qollar: Cavid Tağıyev, 11 - Deyvid Sakkoni, 1, Nildo, 68, 76.
Qırmızı vərəqə: Oskars Klava, 45 (AZAL).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Elman Musayev, Elvin Əsgərov.
Bakı. "AZAL Arena” stadionu.