EURO-2020-yə ev sahibliyinə namizədlər təsdiqlənib. UEFA qitənin 13 şəhərində keçiriləcək yarışın təşkilatçılığı üçün Bakının da namizədliyini təsdiq edib. AFFA tərəfindən irəli sürülən Azərbaycan paytaxtına 31 ölkədən olan şəhərlər rəqib olacaq. Belə ki, UEFA 13 yerə 32 namizədi təsdiqləyib.
Bunlar Azərbaycan (Bakı), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Ermənistan (Yerevan), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), Danimarka (Kopenhagen), İngiltərə (London), Finlandiya (Helsinki), Fransa (Lion), Makedoniya (Skopye), Almaniya (Münhen), Yunanıstan (Afina), Macarıstan (Budapeşt), İsrail (Qüds), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Hollandiya (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Porto), İrlandiya (Dublin), Rumıniya (Buxarest), Rusiya (Sankt-Peterburq), Şotlandiya (Qlazqo), Serbiya (Belqrad), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İsveç (Solna), İsveçrə (Bazel), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk) və Uelsdir (Kardiff).
32 namizəd ölkədən bəziləri bir neçə şəhərin adını irəli sürsələr də, yalnız bunların birində oyunları qəbul edə biləcəklər. 32 namizəd ölkənin hər biri gələn il aprelin 25-dək fikrini dəyişib, UEFA-ya başqa şəhərin adını təqdim edə bilər.
AFFA-nın baş katibi Elxan Məmmədov da UEFA İcraiyyə Komitəsinin (İK) Xorvatiyanın Dubrovnik şəhərində keçirilən iclaslarında iştirak edib. Baş katib "Associated Press” agentliyinə verdiyi müsahibədə 2024-cü il Olimpiya Oyunlarına da namizədliklərinin verilə biləcəyini istisna etməyib. Elxan Məmmədov Avropa çempionatının oyunlarının Bakıda keçiriləcəyinə inandığını vurğulayıb: "Mən Bakıda Avropa çempionatının oyunlarının keçiriləcəyinə inanıram. EURO-2020-yə ev sahibliyini qazanmağımız bizə bəzi üstünlüklər verəcək. Bu, bəzi insanların bizim haqqımızdakı şübhələrini də aradan qaldıracaq. UEFA İK 2014-cü ilin sentyabrında Bakının EURO-2020-ni keçirməyə namizəd 13 şəhərdən biri olmasını təsdiqləsə, qonşu ölkələrdə də çempionata maraq artacaq. Biz hansı regional zonada yerləşdiyimizi görməli, hansı üstünlüklər əldə etdiyimizi bilməliyik. Qalib gəlsək, qonşu Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstandan, üstəlik İran və Türkmənistan kimi Asiya ölkələrindən də Bakıya fanatlar gələcəklər”.
Məlumat üçün bildirək ki, EURO-2020-yə ev sahibliyi edəcək 12 şəhər 4 oyunu qəbul edəcək. Bu şəhərlərdə qrup mərhələsinin 3 oyunu və pley-offun (1/8 və 1/4) 1 qarşılaşması baş tutacaq. 13-cü şəhər isə cəmi 3 görüşü - yarımfinal və finalı keçiriləcək.
Qeyd edək ki, EURO-2020-ni qəbul edəcək şəhərlər təxminən 1 il sonra gələn il sentyabrın 25-də müəyyənləşəcək.