"Sivasspor” klubunun baş məşqçisi Roberto Karlos maraqlı açıqlamalar verib. Türkiyə mətbuatının yazdığına görə, braziliyalı mütəxəssis baş məşqçi karyerasında ilk olaraq Sivas klubunu seçməyinin səbəbini açıqlayıb.
Roberto Karlos bu məsələ ilə bağlı deyib: "Rəhbərliyin gələcək planları, avrokuboklarla bağlı düşüncə və məqsədləri məni cəlb etdi. Təbii ki, ictimaiyyətin mənə inanması da keçidimdə böyük rol oynadı. Hazırda "Sivasspor””da olan imkanlar bir çox klublarda yoxdur. Burada klubun bazalarını xüsusi qeyd etməliyəm. Hesab edirəm ki, bu imkanlarla güclü komanda yaradacağıq”. Bu arada Karlos bir gün milli komanda ilə işləmək istədiyini də bildirib: "Bu, Braziliya millisi də ola bilər, Türkiyə yığma komandası da. Bir gün mütləq bu iki komandadan biri ilə işləyəcəyəm. Bu məsələ ilə bağlı son dərəcə iddialıyam. Onu da qeyd edim ki, bu keçid yaxın zamanda baş tuta bilər”.
Gənc mütəxəssis Roberto Karlos bir gün saçlarını uzadıb-uzatmayacağı ilə bağlı suala isə belə cavab verib: "Sivasspor”la avrokuboklara vəsiqə qazansam, saçlarımı uzadacağam. Əgər bu istəyim baş tutmasa, elə olduğu kimi də davam edəcəyəm”.
Qeyd edək ki, braziliyalı sadiq futbolçu bu yay "Sivasspor”da baş məşqçi kimi çalışmağa başlayıb.