Sentyabrın 25-də Fransanın Azərbaycandakı səfirliyi "Abşeron” mehmanxanasında Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı seminar təşkil etdi. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, 20-yə yaxın Fransa şirkəti və digər rəsmi şəxslər iştirak edirdilər.
Seminarın açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verdi. A.Rəhimov belə mötəbər yarışların ölkəmizdə təşkil olunması gələcəkdə Olimpiya oyunlarının keçirilməsi üçün əhəmiyyətli addım olduğunu vurğuladı: «Biz 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmizin gələcəkdə Olimpiya oyunlarına ev sahibliyi etməsi üçün əhəmiyyətli addım hesab edirik. Bununla yanaşı, biz inanırıq ki, bu oyunlar ölkə gənclərinə müsbət enerji verəcək.
2015-ci ildə təşkil ediləcək Avropa Oyunları Təşkilat Komitəsinin nəqliyyat departamentinə London və Afinada keçirilən Olimpiya oyunlarının təşkilatçılığında iştirak etmiş mütəxəsislər cəlb olunublar. Fransadan olan mütəxəsislərin bu sahədə geniş təcrübələri var».
Azərbaycanın idman infrastrukturuna toxunan Azad Rəhimov oyunlar zamanı yeni komplekslərlə yanaşı, hazırda mövcud olan idman komplekslərindən də istifadə olunacağını qeyd etdi: "Biz oyunlar zamanı mövcud idman kompleksləri, meydançalar və arenalardan istifadə edəcəyik. Lakin vurğulamaq istəyirəm ki, biz yeni idman komplekslərinin tikintisinə hələ Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu əldə etməmişdən əvvəl başlamışıq. Turistlər üçün hotellərlə yanaşı, Bakıda müvəqqəti yaşayış yerləri də yaradılacaq».
Şəhərin nəqliyyat məsələrinə toxunan gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarında yarışları izləmək istəyən qonaqlara və azarkeşlərə yüksək şəraitin yaradılacağını vurğuladı. O dedi: «Nəqliyyatla bağlı məsələləri həll etmək üçün Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Yol Polisi ilə birgə işlər görülür. I Avropa Oyunları zamanı xüsusi "shuttle bus"lar (ictimai nəqliyyat xidməti) fəaliyyət göstərəcək. Onlar da qonaqların və azarkeşlərin idman qurğularına çatdırlmasını təmin edəcəklər. Turnir zamanı nəqliyyat problemlərinin yaranmaması üçün Bakıda yaşayan əhalinin nizam-intizamından çox şey asılıdır. Ümid edirik ki, 2015-ci ilin iyun ayında keçiriləcək I Avropa Oyunları zamanı əhali üçün problem olmayacaq».
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə seminarın təcrübə mübadiləsi aparmaq məqsədi ilə təşkil edildiyini diqqətə çatdırdı. O, qeyd etdi ki, Fransa şirkətləri idman tədbirlərinin hazırlanmasında böyük təcrübəyə malikdirlər: «Azərbaycan "Eurovision-2012” mahnı müsabiqəsində uğur qazandı. Amma bu sadəcə mahnı müsabiqəsi idi. Avropa Oyunları daha vacib bir tədbirdir. Hazırda 20-yə yaxın Fransa şirkəti Bakıdadır. Paytaxtınızda maşınlar çoxdur və tez-tez tıxaclar olur. 2015-ci ildə hərəkətin tənzimlənməsi üçün xüsusi yollar ayrılmalıdır, xüsusi avtobuslar olmalıdır. Fransanın "Sistira", "Egit" şirkətləri bu sahədə təkliflərini irəli sürüblər. Digər fəaliyyət sahələrində də, məsələn, atəşfəşanlıq, müvəqqəti stadionların qurulması, hazır binaların daxilində bəzi işlərin görülməsində və digər sahələrdə fransız şirkətləri öz xidmətlərini təklif edirlər". Səfir əldə edilən nailiyyətlərlə yanaşı, həllini gözləyən bir sıra məsələlərin olduğunu da vurğuladı.
Çıxışlardan sonra seminar "Şəhərlərin formalaşmasında oyunlar” mövzusunda təqdimatla davam etdi.
Rahib