Sentyabrın 25-də Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qol müəlliflərinin mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, "Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Ahmet Sezer, digər rəsmi şəxslər və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirin açılışında çıxış edən Ramin Musayev son illər görülən işlər barəsində ətraflı məlumat verdi. PFL-in prezidenti buyaxınlarda yeni layihələr həyata keçirəcəklərini vurğuladı: "Uzun fasilədən sonra həm Topaz rəhbərliyi, həm də KİV nümayəndələri ilə yenidən görüşdük. Topaz-la əməkdaşlığa başladığımız gündən razılığımızı bildiririk. Oyunların yayım hüququ Topaz-a veriləndə bizi tənqid edənlər də oldu. Lakin elə turlar oldu ki, bütün oyunlar birbaşa yayımlandı. Hazırda orta hesabla 3-4 oyun televiziya vasitəsilə birbaşa göstərilir. Klublar bir sıra hallarda birbaşa yayımdan imtina edir, bunu azarkeş kütləsini itirməkləri ilə əlaqələndirirlər. Yersiz tənqidlərə önəm vermirik, səhvimiz olanda isə bunu bizə bildirməyiniz müsbət haldır. Bir neçə KİV nümayəndəsinin müəyyən təkliflərini qəbul edib, həyata keçirdiklərimiz də olub. Əsas məqsədimiz Azərbaycan futbolunun inkişafıdır. Çalışırıq ki, heç bir komandaya qarşı haqsızlıq olmasın. Topaz-la 1 ildir ki, çalışırıq, bizim tərəfimizdən heç bir narazılıq yoxdur. Topaz-ın futbolun inkişafı üçün öz töhfəsi var. İnanıram ki, mövsümün sonuna kimi daha böyük layihələr həyata keçirəcəyik. Yayım hüququ ilə bağlı indidən növbəti mövsüm üçün təklif almışıq. Bunda KİV nümayəndələrinin də zəhməti var. İstədiyimiz məbləği alacağımız təqdirdə KİV nümayəndələrinə də müəyyən ödənişlər olacaq”.
Ramin Musayev "böyük oyun”la bağlı fikirlərini bildirdi. O qeyd etdi ki, həmin oyundan sonra baş verən qalmaqalın bu qədər müzakirə olunması düzgün addım deyil: "”Xəzər Lənkəran” - "Neftçi” oyunundan sonra baş verən qalmaqal həddindən artıq şişirdilib. Azarkeşlər arasında yaranan narazılıqda xəsarət alan olmursa, bu, qalmaqal deyil. Türkiyə çempionatının son turunda "Beşiktaş” - "Qalatasaray” oyununda baş verənləri yerli azarkeşlər az qala bayram kimi qiymətləndirdilər. Lakin bizə görə, bu, yaxşı hal deyil. Futbola gələn insan stadionda istirahət etməlidir. Rəqib komandanın azarkeşi ilə 90 dəqiqə rəqib olmaq lazımdır. Azarkeşlərlə, fanatlarla düzgün iş qurulmur və onlar klub rəhbərləri ilə mütəmadi görüşlər keçirmirlər. "Xəzər Lənkəran”ın ev oyunlarını azarkeşsiz keçirməsinə qarşı çıxdım. 5-10 nəfərə görə azarkeşləri futboldan küsdürmək olmaz”.

Hakimlərin idarəçiliyinə toxunan PFL-in prezidenti bundan sonra da gənc hakimlərə üstünlük verəcəklərini qeyd etdi: "Klublardan şikayət gəldi-gəlmədi, PFL hər turun bütün oyunlarının videoyazısını izləyir. Hakim səhv edibsə, buna görə cəzasını alır. Çox vaxt uduzan komanda günahı hakimdə görür. Hakimlərin tərəfini saxlamaq fikrim yoxdur. Bütün çempionatlarda hakim səhvi olur. Çalışırıq ki, heç bir halda qərəz olmasın. Premyer Liqada çıxış edən 10 komandanın hamısı bizim üçün eynidir. İstədiyiniz hər hansı bir mübahisəli epizod bizdə var. Günahkarlar barəsində mütləq ölçü götürülür. 8 baş hakimin hamısına paytaxt oyunlarının idarəçiliyini verə bilmərik. Gələcəkdə daha gənc hakimlərə şans veriləcək, gəncləşdirmə siyasəti aparılacaq. I divizion və əvəzedicilərdə oyunları idarə edən bəzi hakimlərə Premyer Liqada oyun idarəçiliyi şansı yaradacağıq. 8 baş hakimdən 4-ü işindən uzaqlaşdırılsa, xaricdən hakim dəvət etmək haqqında düşünə bilərik”.
"Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Ahmet Sezer hər turun orta hesabla 4 oyununun birbaşa yayımlandığını və azarkeş sayında ciddi artımın olduğunu vurğuladı: "Keçən ilin bu günlərində Azərbaycan Premyer Liqasının baş sponsorluğu haqqında müqavilə imzaladıq. Ötən bir ildə qarşımıza qoyduğumuz məqsədlərə çatdığımızı düşünürəm. Premyer Liqanın sponsoru kimi, müəyyən öhdəliklərimiz var. Orta hesabla hər həftə 4 oyun televiziya vasitəsilə birbaşa yayımlanıb. Azarkeş kütləsinin azaldığını deyirlər, amma digər tərəfdən, ölkə çempionatına maraq artır. Bizim müşahidələrimizə görə, ciddi azarkeş artımı var. PFL rəhbərliyi ilə birlikdə idmanın inkişafı üçün müzakirələr aparır, ölkədə idmanın təbliğinə çalışırıq. Müxtəlif yayım qurumlarında da Topaz Premyer Liqasının oyunlarını yayımlamağı düşünürük. Bu zaman isə həm klublar, həm də tərəflər əlavə vəsait qazanacaqlar. Topaz Azərbaycan idmanına dəstək verir və gələcəkdə də verəcək. Qarşımızdakı futbol mövsümü hamımız üçün uğurlu olsun. İlk gəldiyimdə sadə vətəndaşlar çempionatda çıxış edən futbolçuların adlarını bilmir, klublar yayıma görə televiziyaya pul ödəyirdilər. İndi isə vəziyyət tam fərqlidir. Biz idman iqtisadiyyatını inkişaf etdirmək üçün gəldik. Yayım, bilet satışı və maraq artdıqca idman da inkişaf edəcək”.
KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən "Bakı” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov avqust ayının ən yaxşı oyunçusu seçildi. Millimizin futbolçusuna PFL-in xüsusi hədiyyəsi və Topaz tərəfindən 1500 manat pul mükafatı verildi. Cavid Hüseynov mükafatlandırıldıqdan sonra fikirlərini jurnalistlərlə bölüşdü: "Əvvəlki illərə baxanda bu mövsüm daha yaxşı təsir bağışlayırıq. Mükafatalayiq yerlərdən birini tutaraq Avropada daha uğurlu çıxış etmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Həm yerli, həm də legioner futbolçuların səviyyəsi çox yaxşıdır. Bu mövsüm nəticə əldə edəcəyimizə inanıram”.
Məlumat üçün bildirək ki, "Ayın futbolçusu” mükafatı 18 aydan sonra azərbaycanlı futbolçuya nəsib olub. Cavid Hüseynov legionerlərin "hegemonluğ”una son qoyub. 2009-cu ilin oktyabrından keçirilən səsvermədə qalib gələn sonuncu yerli futbolçu Əfran İsmayılov olmuşdu. "Qarabağ”da çıxış etdiyi vaxt fərqlənən yarımmüdafiəçi 2012-ci ilin fevralında hamını qabaqlamışdı. Əfrandan sonra 7 dəfə əcnəbi futbolçular qalib gəlib. 30-cu dəfə sahibinə qovuşan mükafat 19 dəfə legionerlərə, 11 dəfə yerli futbolçulara nəsib olub.
Bu mükafatın tarixində 5-ci dəfə ən yaxşı oyunçu "Bakı”dan seçildi. Lakin Cavid ilkə də imza atdı. O, komandasının bu uğura nail olan ilk yerli futbolçusudur. Əvvəlki 4 laureat legioner idi. Qeyd edək ki, "Bakı” yalnız 2 komandadan az mükafat əldə edib. "Neftçi” 8, "Qarabağ” 7 mükafatla öndədir. Futbolçular arasında rekord isə Flavinyoya məxsusdur - 3 dəfə.
PFL-in rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən isə AZAL-ın futbolçusu Con Olureminin IV turda vurduğu qol ötən ayın ən gözəl qolu hesab olundu. Legioner rəyi soruşulanların 771 səsini toplayıb. Amerikalı futbolçuya PFL-in xüsusi hədiyyəsi və Topaz tərəfindən 1000 manat pul mükafatı hədiyyə olundu. Mükafat aldıqdan sonra AZAL-ın futbolçusu fikirlərini bildirdi: "Açığı, belə mükafatın verilməsindən xəbərim yox idi. Mükafat qazandığım üçün şadam. "Sumqayıt”a vurduğum qolu yaxşı xatırlayıram. Viktor İqbekoyi mənə ötürmə etmişdi, mən də gözəl qola imza atmışdım. AZAL-ın düşdüyü durum müvəqqətidir. Cəmi 2 turdur ki, qələbə qazana bilmirik. Qeyd edim ki, Amerika çempionatından Azərbaycana gəldim. Mənim üçün çempionatlar arasında çox böyük fərq var idi. Son illərdə çempionatınızda inkişaf göz qabağındadır. Dünyada futbol günü-gündən irəliləyiş edir”.
Qeyd edək ki, ayın futbolçusu 38 KİV nümayəndəsi arasında keçirilən sorğuda müəyyən olunub. Səsvermədə qəzetimizin əməkdaşı Rahib Səmədov da iştirak edib.