“Sumqayıt” klubunda Müşahidə Şurası yaradılıb

“Sumqayıt” klubunda Müşahidə Şurası yaradılıb

Bu ilin avqust ayında keçirilmiş AFFA-nın İcraiyyə Komitəsinin iclasında Topaz Premyer Liqasında çıxış edən klublarda idarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub. Bununla əlaqədar olaraq, "Sumqayıt” futbol klubu Müşahidə Şurasının tərkibini elan etmək məqsədi ilə mətbuat konfransı təşkil edib.
Yeni stadionda keçirilən tədbirdə "Sumqayıt” FK-nın prezidenti Kamran Quliyev çıxış edərək, Müşahidə Şurasının tərkibi haqqında məlumat verib. Əvvəlcə gələn qonaqları salamlayan klubun rəhbəri "Sumqayıt” FK-nın yeni strukturu haqqında danışıb. K. Quliyev Müşahidə Şurasının hansı məqsədlər əsasında yarandığına aydınlıq gətirərək, şuraya kimlərin daxil ola biləcəyini açıqlayıb: "Müşahidə Şurası 7 nəfərdən ibarət olacaq. Bu şura klubla bağlı qəbul olunan qərarları təsdiqləyəcəklər. Müşahidə Şurasına "Sumqayıt”a faydalı ola biləcək hər kəs: deputat, müğənni, rejissor, sıravi azarkeş daxil ola bilər. Əsas məqsəd klub üçün iş görməkdir”.
Qeyd edək ki, Müşahidə Şurasının üzvləri birbaşa klubun təsisçiləri tərəfindən müəyyən edilir. Şuranın əsas vəzifəsi ictimai iş olaraq klubun rəhbərini seçmək və ya işdən azad etmək, rəhbərliyə müəyyən təklif və tövsiyələr vermək, klubun idarəetmə işinə nəzarət etmək, əlaqələri genişləndirilməsi, kluba yeni investitsiyaların cəlb olunmasından və s. ibarət olacaq.

Sonra Kamran Quliyev KİV nümayəndələrinin suallarını cavablandırıb. Ardınca jurnalistlər klubun rəhbərliyi ilə birlikdə yeni stadionla tanış olublar. Yeni arenanın mətbuat konfransı otağı, fitnes zalı, soyunub-geyinmə və dopinq otaqlarında olan qonaqlar mərkəz haqqında fikir mübadiləsi aparıblar. K. Quliyev isə öz növbəsində, yeni stadionun tikintisində böyük rolu olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, "Azərikimya” İstehsalat Birliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına öz münnətdarlığını bildirib.

Müşahidə Şurasının tərkibi
1. Muxtar Babayev - "Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri
2. Hacı Salayev - millət vəkili

3. Elgin Həbibullayev - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini
4. Vaqif Ömərov - "Azərikimya” İB-in Həmkarlar İttifaqı Komitəsinin sədri
5. Mürsəl Rüstəmov - "Paşa Həyat Sığorta” ASC-nin idarə heyətinin sədri
6. Telman Salahov - Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı
7. Abdulla Məmmədov - Azərbaycan Respublikasının Fəxri bədən tərbiyyəsi və idman işçisi