Liderlərin xal itkisi ilə yadda qalan tur

Liderlərin xal itkisi ilə yadda qalan tur

Topaz Premyer Liqasında VIII tura yekun vurulub. 3 gün ərzində təşkil edilən matçlarda daha çox qolsuz heç-heçələr qeydə alınıb. 5 oyunda cəmi 2 qol vurulub. Tur liderlərin xal itkisi ilə əlamətdar olub.

Topaz Premyer Liqası
VIII tur
27 sentyabr
"Xəzər Lənkəran” - "İnter” - 0:1
Qol: Matija Spiçiç, 10.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
Lənkəran. Şəhər stadionu.

İlk oyun günündə bir görüş keçirilib. Turun açılış matçında cari mövsümdə işləri o qədər də yaxşı getməyən iki komanda - "Xəzər Lənkəran”la "İnter” qarşılaşıb. Son iki turda qələbə qazanan cənub təmsilçisinin bu görüşdə də 3 xala sevinəcəyini gözləyənlər daha çox idi. Çünki son pillələrdə duran "bankçılar”la müqayisədə Con Toşakın yetirmələri ardıcıl qələbələrdən sonra özünə gəlmiş kimi görünürdülər. Amma lənkəranlılar rəqibdən daha yaxşı təsir bağışlamalarına baxmayaraq, "İnter”lə görüşdə yenə xalsız qalıblar. Bu səbəbdən "qara zolaq”dan çıxmağa çalışan paytaxt klubunun bu qələbəsini bir qədər sensasiya saymaq olar. Oyunun taleyini bir qol həll edib. Matçın 10-cu dəqiqəsində "İnter”in heyətində Matija Spiçiç fərqlənib - 0:1. Mövsümə uğursuz başlayan "İnter” cari çempionatda ancaq 1 dəfə qələbə sevinci yaşaya bilmişdi. Bu turda ikinci qələbəsini qazanan "bankçılar” autsayderlər sırasından qurtulmaq üçün bir addım da atıblar.

28 sentyabr
"Bakı” - "Sumqayıt” - 1:0
Qol: Mindauqas Kalonas, 63.
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov.
Bakı. "Bakı”nın təlim-məşq bazasının stadionu.

İkinci oyun günündə təşkil olunan iki matçda bir qol vurulub. "Bakı” doğma azarkeşlər önündə "Sumqayıt” klubunu qəbul edib. Bəzi oyunlarda xal itirsə də, göstərdiyi futbola görə daha şanslı sayılan "zolaqlılar”ın qələbə qazanacağı çoxlarında şübhə doğurmurdu. Amma Aqil Məmmədovun yetirmələrinin əvvəlki turda "Neftçi”dən xal aldığını da unutmaq olmazdı. Sumqayıt təmsilçisi "ağ-qaralar”la oyunda olduğu kimi, digər paytaxt təmsilçisinə də ciddi müqavimət göstərib. Lakin ikinci hissədə Mindauqas Kalonasın vurduğu yeganə qol "Sumqayıt” üzərində qələbə üçün yetərli olub. Bu qol "Bakı”nı turnir cədvəlində irəli saldığı kimi, litvalı futbolçunun da bombardirlər yarışında zirvəni ələ keçirməsinə şərait yaradıb.

"Neftçi” - "Qarabağ” - 0:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov.
Bakı. "Bakcell Arena” stadionu.

Turun mərkəzi qarşılaşması "Bakcell Arena” stadionunda təşkil olunub. Milli çempionatlarımızın daimi iştirakçıları "Neftçi” ilə "Qarabağ”ın budəfəki qarşılaşması da prinsipiallığı ilə seçilirdi. Çünki eyni xala malik komandalardan hansı qalib gəlsə idi, liderliyi ələ keçirəcəkdi. Hər iki tərəf, ilk növbədə, məğlub olmamaq barəsində düşündüyündən müdafiəyə böyük önəm verib. Bunun nəticəsidir ki, budəfəki oyunda nə qol vuran, nə də üç xal qazanan olub. Tərəflərin 1 xal qazanması isə ötən turdan vahid liderliyi ələ keçirən "Qəbələ”nin xeyrinə olub.

29 sentyabr
"Simurq” - "Qəbələ” - 0:0
Qırmızı vərəqə: İlkin Qırtımov, 36.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov.
Bakı. "Şəfa” stadionu.

Son oyun günü turun daha 2 qarşılaşması olub. Paytaxtda keçirilən hər 2 oyunda azarkeşlər qola həsrət qalıblar. "Qəbələ” səfərdə "Simurq” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Daim liderləri büdrətməsi ilə diqqəti çəkən Zaqatala təmsilçisi öz stadionundakı təmir işləri başa çatmadığına görə Yuri Syominin komandasını da Bakıda qəbul edib. Bu qarşılaşmada da azarkeşlər qol görə bilməyiblər. Baxmayaraq ki, "Qəbələ”nin matçın böyük hissəsini azlıqda keçirən "Simurq”a qol vurması üçün əla şans da yaranıb qəbələlilər bu say üstünlüyündən və şansdan yararlana bilməyiblər və görüş qolsuz heç-heçə ilə başa çatıb. Hər halda qazanılan bir xal "Qəbələ”nin vahid liderliyi ələ keçirməsi üçün yetərli olub. Qeyd edək ki, 3 oyunluq qələbə seriyasına son qoyulan "Qəbələ” kimi, zaqatalalılar da artıq 4 matçdır ki, uduzmurlar.

"Rəvan” - AZAL - 0:0
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov.
Bakı. "Bayıl Arena” stadionu.

Turun son matçında isə iki paytaxt klubu üz-üzə gəlib. Çempionatın aşkar autsayderlərindən birinə çevrilən "Rəvan” AZAL klubunu sınağa çəkib. Son oyunlarda ardıcıl xal itkiləri ilə üzləşən Vaqif Sadıqovun yetirmələri, nəhayət, bu görüşdə qələbə qazanmağı qarşıya məqsəd qoymuşdular. Amma uğursuzluğa son qoymaq istəyən "aslanlar” "təyyarəçilər”in bu arzusunu ürəyində qoyublar. Tərəflərin bütün səylərinə baxmayaraq, bu görüşdə də qapılara qol vuran tapılmayıb. Qazanılan 1 xal "Rəvan”ı sonuncu pillədən xilas edib. AZAL isə 4-cü pillədə qalıb.