Dünən UEFA Çempionlar Liqasında II turunun oyunlarına start verilib. İlk oyun günündə E, F, G və H qruplarının komandaları meydana çıxıblar. «Şalke», «Arsenal», «Atletiko» və «Barselona» klubları növbəti dəfə qələbə qazanaraq, vahid lider olublar.
UEFA Çempionlar Liqası
II tur
1 oktyabr
E qrupu
«Çelsi» Rumıniyada «Styaua» klubunun qonağı olub. matç «zadəcanlar»ın üstünlüyü şəraitində keçib. Özlərini qonaq kimi aparmayan ingilislər ilk hissədə 2 dəfə fərqləniblər. Ramires hesabı açan tərəf olub. Ardınca isə Georgievski topu öz qapısına vurub. Fasilədən sonra da hücumlarını davam etdirən Joze Mourinyonun yetirmələri daha 2 dəfə seviniblər. Oyunun 55-ci dəqiqəsində Ramires rəqibi yenidən oyuna mərkəzdən başlamağa məcbur edib. Matçda son «nöqtəni» Lempard qoyub. Matçın son saniyələrində onun vurduğu top rəqib qapıçı üçün qarşısıalınmaz olub. Nəticədə, «Çelsi» «Styaua»nı 4 cavabsız qolla məğlub edib.
İsveçrənin «Bazel» klubu doğma azarkeşlər önündə Almaniyanın «Şalke» komandasını sınağa çəkib. Matçın ilk hissəsində azarkeşlər maraqsız oyunun şahidi olublar. Fasilədən sonra irəli atılan almanlar hesabı açmağa müvəffəq olublar. Oyunun 54-cü dəqiqəsində Draksler fərqlənib. Bu oyunda yeganə qol olub və qonaqlar meydanı minimum hesablı qələbə ilə tərk ediblər.
Beləliklə, 2 oyundan maksimum nəticə toplayan «Şalke» turnir cədvəlində vahid liderdir. Liderdən 3 xal geri qalan «Çelsi» ilə «Bazel» komandaları növbəti pillələrdə qərarlaşıblar.
"Styaua” (Rumıniya) - "Çelsi” (İngiltərə) - 0:4
Qollar: Ramires, 20, 55, Georgievski, 44 (öz qapısına), Lempard, 90.
"Bazel” (İsveçrə) - "Şalke” (Almaniya) - 0:1
Qol: Draksler, 54.
F qrupu
İngiltərə təmsilçisi «Arsenal» da günü qələbə ilə başa vurub. «Topçular» evdə İtaliyanın «Napoli» klubunu məğlub edib. Meydana toplaşmış azarkeşlər hesabın açılmasını çox gözləməyiblər. Oyunun 8-ci dəqiqəsində komanda yoldaşının ötürdüyü topu Məsut Özil əla zərbə ilə qapıdan keçirib. Qoldan sonra hücumlarını davam etdirən meydan sahibləri növbəti dəfə fəqləniblər. Sağ cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşından ötürmə alan Jiru rəqib qapıçı üçün seçim yeri qoymayıb - 2:0. Fasilədən sonra tərəflərin səyinə baxmayaraq, 2:0 hesabı sonadək dəyişməyib.
Qrupun digər oyununda da meydan sahiblərinin üstünlüyü qeydə alınıb. Dortmund «Borussiya»sı Fransanın «Marsel» komandasını böyük hesabla məğlub edib. Rəqib qapısından qolları Levandovski (2) və Reus vurublar.
Nəticədə, «Arsenal» 2 oyundan 6 xalla liderdirlər. «Borussiya» (Dortmund) ilə «Napoli» klubları 3 xalla, müvafiq olaraq, 2-ci və 3-cü yerlərdə qəralaşıblar.
«Arsenal» (İngiltərə) - «Napoli» (İtaliya) - 2:0
Qollar: Məsut Özil, 8, Jiru, 15.
«Borussiya» (Dortmund, Almaniya) - «Marsel» (Fransa) - 3:0
Qollar: Levandovski, 20, 79 (pen.), Reus, 52.
G qrupu
Turun ilk günündə İspaniya klubları səfər qələbələri qazanıb. İspaniyanın «Atletiko» klubu Portuqaliyada "Porto” ilə üz-üzə gəlib. Meydan sahiblərinin erkən qolu rəqibi ruhdan salmayıb. Fasilədən sonra özlərinə gələn ispanlar matçın gedişini dəyişməyi bacarıblar. Oyunun 58-ci dəqiqəsində künc zərbəsindən ötürülən topu Qodin başla qapıdan keçirib. Hücumlarını davam etdirən qonaqlar qələbə qolunu da vurmağa müvəffəq olublar. Matçın başa çatmasına 3 dəqiqə qalmış yerinə yetirən «ev tapşırığı»nı Arda Turan dəqiqliklə qapıdan keçirib - 1:2. Bu qolun oyundan kənar vurulduğu müəyyənləşib. "Draqao” stadionundakı oyunun 87-ci dəqiqəsində standart vəziyyət yerinə yetirilərkən, türkiyəli yarımmüdafiəçi rəqib komandanın oyunçularından bir qədər irəlidə olub. Lakin yan xətt hakimi bunu diqqətdən qaçırıb. Matçın ingiltərəli hakimi Hovard Uebb isə qolu hesaba alıb. Nəticədə "Azerbaijan Land of Fire” formalı "Atletiko” ardıcıl 2-ci qələbəsini qazanıb.
"Zenit" evdə "Austriya" klubu ilə qarşılaşıb. Tərəflərin səyinə baxmayaraq, oyun başladığı kimi də başa çatıb. Halbuki 10 nəfərlə qalmasına baxmayaraq, meydan sahibləri hücumlar edərək rəqibi qapısına doğru sıxışdırıb. Lakin meydanda qol səsi eşidilməyib.
Bununla da Madrid təmsilçisi 6 xalla G qrupunun vahid liderinə çevrilib. «Porto» isə 3 xalla 2-ci pillədədir.
"Zenit" (Rusiya) - "Austriya" (Avstriya) - 0:0
Qırmızı vərəqə: Vitsel, 44 ("Zenit").
"Porto" (Portuqaliya) - "Atletiko" (İspaniya) - 1:2
Qollar: Martines, 16 - Qodin, 58, Arda Turan, 86.
H qrupu
Hollandiyanın "Ayaks” klubu doğma azarkeşlər önündə İtaliyanın "Milan” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Dramatik mübarizə şəraitində keçən oyunda əhəmiyyətli anlar matçın son dəqiqələrində olub. Belə ki, meydan sahibləri oyunun 90-cı dəqiqəsində hesabı açan tərəf olublar. Hollandların heyətində Densvil fərqlənib. Qoldan sonra irəli atılan milanlılar hesabı bərabərləşdirməyə müvəffəq olublar. Qolun vurulmasında baş hakimin «köməyi» də danılmaz olub. Belə ki, baş hakim meydan sahiblərinin qapısına müəmmalı 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Balotelli topu qapıya dəqiq vurub - 1:1.Qrupun digər oyununda «Barselona» səfərdə «Seltik» komandası ilə qarşılaşıb. Kataloniyalılar səfərdə müqavimətlə rastlaşıblar. Oyunun taleyini 1 qol həll edib. İspanlar yalnız matçın başa çatmasına 14 dəqiqə qalmış qələbə topunu vura biliblər. Komanda yoldaşından ötürmə alan Fabreqas başla topu qapıdan keçirib.
Beləliklə, 2-ci qələbəsini qazanan «Barselona» vahid liderdir. Oyunun son saniyələrində heç-heçə edən «Milan» 4 xalla 2-ci yerdədir.
"Ayaks” (Hollandiya) - "Milan” (İtaliya) - 1:1
Qollar: Densvil, 90 - Balotelli, 90+3 (pen.).
"Seltik” (Şotlandiya) - "Barselona” (İspaniya) - 0:1
Qol: Fabreqas, 76.