Berti Foqts yığmamıza 25 futbolçu çağırdı

Berti Foqts yığmamıza 25 futbolçu çağırdı


Azərbaycan milli komandasının heyəti açıqlanıb. Almaniyalı baş məşqçi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına 25 futbolçu çağırıb.
Oktyabrın 11-də Şimali İrlandiya, bundan 4 sonra Rusiya komandalarını qəbul edəcək millimiz hazırlıqlara oktyabrın 5-də start verəcək. Lakin ölkə xaricində çıxış edən legionerlərimiz yığmaya bir az gec qoşulacaq. Ufuk Budak və Rüfət Dadaşov toplanışda oktyabrın 6-dan, Ruslan Abışov və Cihan Özkara oktyabrın 7-dən etibarən iştirak edəcək. Əli Gökdəmirin millinin toplanışına qoşulacağı vaxt hələ dəqiqləşməyib.
Berti Foqts bu dəfə 25 futbolçudan başqa daha 5 oyunçunu ehtiyat heyətə daxil edib. Əsas "25-lik”dən kiminsə komandadan kənarlaşdırılacağı halda həmin oyunçulara ehtiyac yaranacaq. Almaniyalı mütəxəssis sentyabrın 7-də İsraillə qarşılaşmaya çağırılan 24 nəfərlik heyətdə cüzi dəyişikliklər edib.
Ruslan Qurbanovu ("Sumqayıt”) ümumiyyətlə siyahıdan çıxaran almaniyalı mütəxəssis Elhad Nəzirini ("İnter”) ehtiyata göndərib. Onunla yanaşı, daha 4 futbolçu bura daxil edilib. Berti Foqts bu cütlüyün yerinə Ruslan Əmircanov ("İnter”), Əli Gökdəmir ("Hannover II”, Almaniya) və Vaqif Cavadovu ("İnter”) komandaya çağırıb. İsrail yığması ilə oyuna çağırılan amma zədə səbəbindən sonradan toplanışa qatılmayan Əfran İsmayılovla ("Bakı”) Səlahət Ağayevin ("İnter”) yenidən sıraya dönməsi ötən ay onları əvəz edənlərin yolunu bağlayıb. Belə ki, İsraillə qarşılaşmaya sonradan dəvət olunan Aqil Məmmədov ("Bakı”) Berti Foqtsa lazım olmayıb.

Qapıçılar: Kamran Ağayev ("Bakı”), Anar Nəzirov ("Sumqayıt”), Səlahət Ağayev ("İnter”);
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hamısı "Qarabağ”), Volodimir Levin, Elnur Allahverdiyev (hər ikisi "Qəbələ”), Rasim Ramaldanov ("Xəzər Lənkəran”), Mahir Şükürov ("Neftçi”), Ruslan Əmircanov ("İnter”), Ufuk Budak ("Eskişehirspor, Türkiyə), Əli Gökdəmir ("Hannover 96 II”, Almaniya);
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi "Neftçi”), Cavid Hüseynov, Əfran İsmayilov (hər ikisi "Bakı”), Qara Qarayev ("Qarabağ”), Rahid Əmirquliyev ("Xəzər Lənkəran”), Ruslan Abışov ("Rubin”, Rusiya);
Hücumçular: Vaqif Cavadov ("İnter”), Vüqar Nadirov ("Qarabağ”), Rauf Əliyev ("Bakı”), Cihan Özkara ("Sivasspor”, Türkiyə), Rüfat Dadaşov ("Kayzerslautern II”, Almaniya).

Ehtiyat heyət: İlkin Qırtımov («Simurq»), Şəhriyar Əliyev («Bakı»), Elhad Nəziri («İnter»), Elvin Məmmədov («Bakı»), Pərdis Fərcad-Azad («Sumqayıt»).