Pəhləvanlarımız Konya-2021-i 23 medalla başa vurdular

Pəhləvanlarımız Konya-2021-i 23 medalla başa vurdular

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışlarına yekun vurulub. Konya Texniki Universitetində təşkil olunan yarışın4-cü – sonuncugünündə yunan-Roma güləşində 60 kq, 67 kq, 77 kq, 87 kq və 130 kq-da, qadın güləşində isə 57 kq-da ölkəmizi təmsil edən idmançılar mübarizə aparıblar.

Güləş yarışlarının sonuncu günündə təmsilçilərimiz ölkəmizin hesabına 2 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıblar.

Yunan-Romagüləşi yarışlarında Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidaxmetov (4:1) və türkiyəli Ayhan Karakuşa (10:7) qalib gələrək finala yüksəlib.Murad həlledici görüşdə qırğızıstanlı dünya ikincisi Jolaman Şarşenbekovla qarşılaşıb və 2:10 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

Həsrət Cəfərov (67 kq) iranlı Məhəmməd Cavad Rezayi (10:3) və türkmənistanlı Beqmurat Nobatovu (9:1) üstələyərək finala yüksəlib. Həsrət son görüşdə qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Sənan Süleymanov (77 kq) iranlı Amin Kaviyaninejad (4:0) və tunisli Lamjed Maafi (4:3) üzərində əldə etdiyi qələbələrlə finala vəsiqə qazanıb. S.Süleymanov həlledici görüşdə qırğızıstanlı Akjol Mahmudovla münasibətləri aydınlaşdırıb. Son Olimpiadanın gümüş medalçısına 2:5 hesabıyla məğlub olan Sənan ikinci yeri tutub.

Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə tacikistanlı Bəxtəvər Həsənovu cəmi 26 saniyəyə (8:0) tam üstünlüklə xalçadan məyus yola salsa da, ikinci qarşılaşmada qırğızıstanlı Atabek Azisbekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Qrup ikincisi kimi yarımfinala yüksələn M.Əhmədiyev özbəkistanlı Jalqasbay Berdimuratovla bacarmayıb - 0:8. Məhəmməd bürünc medal uğrunda görüşdə qırğızıstanlı Atabek Azisbekova minimal fərqlə (2:3) uduzub.

 

Sabah Şəriəti (130 kq) B qrupunda özbəkistanlı Mumincan Abdullayev (4:1) və qazaxıstanlı Anton Savenkoya (5:1) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. S.Şəriəti finalın bir addımlığında türkiyəli Osman Yıldırıma 1:3 hesabıyla uduzub. Sabah bürünc medal uğrunda yenidən Savenkoyla güləşib və 5:0 hesablı qələbəyə fəxri kürsünün 3-cü piləsinə qalxıb.

Qadın güləşçilərinin yarışında ölkəmizi təmsil edən Jalə Əliyeva A qrupunda özbəkistanlı Layloxon Sabirova (tuşe) və qazaxıstanlı Laura Almaganbetovaya (9:2) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. J.Əliyeva yarımfinalda türkiyəli Elvira Kamaloğlu üzərində əldə etdiyi 9:6 hesablı qələbəylə adını finala yazdırıb. Jalə finalda nigeriyalı Ester Kolavoleni 14:6 hesabıyla məğlub edərək qızıl medal qazanıb.

Beləliklə, pəhləvanlarımız V İslam Həmrəyliyi Oyunlarını 23 (8 qızıl, 8 gümüş, 7 bürünc) medalla başa vurublar.

 

Pəhləvanlarımız Konya-2021-i 23 medalla başa vurdular Pəhləvanlarımız Konya-2021-i 23 medalla başa vurdular