“Araz” UEFA kubokuna qələbə ilə başladı

“Araz” UEFA kubokuna qələbə ilə başladı

Bu həftə futzal üzrə UEFA kubokunun əsas mərhələsinə start verilib. Avropanın 24 klubu 6 qrupda mübarizəyə aparır. Son illərin dəyişməz Azərbaycan çempionu "Araz” da növbəti dəfə elit raunda vəsiqə uğrunda yarışır.
Təmsilçimiz Rumıniyada mübarizə aparan VI qrupda qüvvəsini sınayır. Belçika çempionu "Şatelino”, Rumıniyanın ən güclüsü "Tırqu Mureş” və Yunanıstan təmsilçisi "Atina-90” klubları ilə eyni qrupda çıxış edən "Araz” mərhələ adlamaq üçün ilk 2 yerdən birini tutmalıdır.
Qrupun əsas favoriti olan təmsilçimiz ilk görüşündə "Atina-90” klubu ilə qarşılaşıb. Oyun həmyerlilərimizin üstünlüyü şəraitində keçib. Bunun nəticəsində, "Araz” rəqib qapısından 5 top keçirib. Yunanlar qollardan yalnız birinin əvəzini çıxıblar. Qrupun digər oyununda "Tırqu Mureş” və "Şatelino” klubları qarşılaşıblar. Matçda 12 qol vurulsa da, qalib müəyyənləşməyib - 6:6. Nəticədə, təmsilçimiz qələbə sayəsində turnir cədvəlində liderliyə yüksəlib.
Joze Alesio da Silvanın yetirmələri növbəti matçında Belçika çempionu, son turda isə meydan sahibləri ilə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, 2-ci turun oyunları gec başa çatdığına görə matçlar haqqında məlumatla gələn sayımızda tanış ola bilərsiniz.
Qeyd edək ki, oyunlar "Tırqu Mureş” idman kompleksində keçirilir.

UEFA kuboku
VI qrup, əsas mərhələ
2 oktyabr
"Araz” (Azərbaycan) - "Atina-90” (Yunanıstan) - 5:1
"Tırqu Mureş” (Rumıniya) - "Şatelino” (Belçika) - 6:6

3 oktyabr
"Şatelino” - "Araz”
"Tırqu Mureş” - "Atina-90”

5 oktyabr
19:00. "Atina-90” - "Şatelino”
21:30. "Araz” - "Tırqu Mureş”