“Qırmızı-qaralar” inamla irəliləyirlər

“Qırmızı-qaralar” inamla irəliləyirlər

"Qəbələ” klubunun 15 yaşınadək futbolçulardan ibarət komandası "Ukrayna Prezidenti kuboku”nda çıxışını davam etdirir. Klubun rəsmi saytının yaydığı məlumata görə, "Artek” Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirdə "Qəbələ” artıq qrup mərhələsi çərçivəsində oyunlarına yekun vurub.
İlk oyunda "qırmızı-qaralar” yerli "Çernomorets”lə üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə 2:4 hesabı ilə məğlub olub. "Qəbələ”nin heyətində Fərid Nəbiyev və Əli Sadıqov fərqləniblər.
Qrupun ikinci oyununda təmsilçimiz Moldovanın "Real-Sukçes” klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "Qəbələ”nin bu üstünlüyü özünü hesabda da göstərib. Fərid Nəbiyevin matçın 4-cü, İlkin Abdullayevin isə 7-ci dəqiqəsində vurduğu qol təmsilçimizi 2:0 hesabı ilə önə çıxarıb. Rəqibin gücü isə yalnız təsəlli qoluna çatıb. Matçın son dəqiqəsində moldovalılar təyin olunan onbirmetrlik cərimə zərbəsindən sonra hesab arasındakı fərqi azaldıb. Beləliklə, "Qəbələ” turnirdə keçirdiyi ikinci oyunda qələbə qazanıb - 2:1.
Həmyerlilərimiz 3-cü oyununda Kiyev "Dinamo”su ilə qarşılaşıblar. Matç ərzində üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibinə heç bir şans verməyib - 2:1. Görüşdə hesabı Fərid Nəbiyev açıb. Rəqib qapısına yol tapan hücumçu aktivindəki qolların sayını 3-ə çatdırıb. İkinci hissədə rəqib hesabı bərabərləşdirib. Yekun hesabı müəyyənləşdirən qolu isə Kamran Quliyev vurub.
"Qəbələ” bu nəticədən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və turnirin yarımfinalına adlayıb. "Çernomorets” 5 xalla 2-ci, "Real-Sukçes” 4 xalla 3-cü, "Dinamo” isə 1 xalla sonuncu olub.