Yığmamızın keçmiş baş məşqçisi “Rəvan”da

Yığmamızın keçmiş baş məşqçisi “Rəvan”da

Topaz Premyer Liqasında növbəti məşqçi istefası gerçəkləşib. Bakının "Rəvan” klubu mövsümün gedişində baş məşqçi vəzifəsinə gətirilən Vladislav Qədirovla yollarını ayırıb. Buna səbəb komandanın göstərdiyi nəticələr səbəb olub. «Rəvan» I dövrədə 3 dəfə böyük hesabla uduzan paytaxt təmsilçisi son turda "Xəzər Lənkəran”la heç-heçə etsə də, 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Yeri gəlmişkən, "Rəvan” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Paytaxt təmsilçisi bu gün Şahin Diniyevlə danışıqları yekunlaşdıraraq onunla müqavilə imzalayıb. Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının 9 turundan sonra 9-cu olan klubu bu vəziyyətdən çıxarmalıdır.
2008-ci ilin noyabrından 2010-cu ilin noyabrına qədər Rusiyanın "Terek” klubunda əvəzedici komandanın baş məşqçisi, əsas komandada məşqçi, sonda isə baş məşqçi əvəzi kimi çalışan mütəxəssis 3 il idi heç yerdə çalışmırdı. Şahin Diniyev 2001-ci ildə məşqçilik karyerasına da Qroznı təmsilçisində başlayıb. Bundan sonra 2001-2004-cü illərdə "Qarabağ”, 2004-2005-ci illərdə "Kəpəz”i çalışdıran mütəxəssisin ölkəmizdə son iş yeri Azərbaycan millisi olub. Diniyev 2005-2007-ci illərdə yığmamıza rəhbərlik edib.
Qeyd edək ki, "Rəvan” cari mövsümdə artıq 2 baş məşqçini - Ramil Əliyevlə Qədirovu yola salıb.