Maks Ferstappendən növbəti qalibiyyət 

Maks Ferstappendən növbəti qalibiyyət 

Formula 1 üzrə dünya çempionatının 20-ci mərhələsi olan Meksika Qran-prisinə yekun vurulub. Rodriges qardaşları adına avtodromda keçirilən yarışın qalibi adını Niderlandın “Red Bull” komandasının pilotu Maks Ferstappen qazanıb. İkinci yeri “Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton tutub. “Red Bull”un digər pilotu Serxio Peres isə üçüncü olub. 
Avstraliyalı Daniel Rikkardo (“Maklaren”) ilə toqquşduqdan sonra yapon pilot Yuki Tsunoda (“Alfa Tauri”) yarışı vaxtından əvvəl başa vurub. İspan Fernando Alonso (“Alpin”) da avtomobildəki texniki nasazlıq səbəbindən finişə çata bilməyib.
M.Ferstappen bu mövsüm 14 qələbə qazanıb. Niderlandlı pilot bir mövsümdə birinci yerlərin sayına görə almanlar - Mixael Şumaxer və Sebastyan Fettelin nailiyyətini geridə qoyaraq “Formula 1” rekorduna imza atıb.