Sərbəst güləşçilər Astarada bir araya gəliblər

Sərbəst güləşçilər Astarada bir araya gəliblər

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi, Astara rayonunda da silsilə tədbirlər davam edir. Tədbirlər planına əsasən 9 rayonun pəhləvanlarının iştirakı ilə sərbəst güləş turniri təşkil olunub.

Astara rayon Olimpiya İdman Kompleksində keçirilən turnirdə sərbəst güləş üzrə Ağsu, Cəbrayıl, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran komandaları iştirak edib. Turnir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər, YAP-ın qurucusu Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya 30 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla, Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.

Turnirdə iştirak edən YAP İdarə heyətinin üzvü Rəşad Mahmudov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazanıb.

Daha sonra güləş turnirinə start verilib. Doqquz rayonun 65, 70, 74 kiloqram çəkidə təmsil olunan sərbəst güləşçiləri döşək üzərində güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən turnirdə 65 kiloqram çəkidə Cəlilabad rayonundan Mirkamran Kərimov, 70 və 74 kiloqram çəkidə isə Astara güləşçiləri Loğman Ağayev, Əli Əliyev qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş sərbəst güləş turniri Astara ilə yanaşı Ağcabədi, Qəbələ, Göygöl, Kürdəmir rayonları və paytaxt Bakıda 8 qrupda təşkil olunub. Turnirdə respublikanın 64 şəhər və rayonundan ümumilikdə 192 güləşçi mübarizə aparıb. Qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 9-da Bakı şəhərində keçiriləcək final görüşünə vəsiqə qazanıblar.