Oktyabrın 5-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə "Atena” şirkəti arasında U-12 Liqasının sponsorluq müqaviləsi imzalandı. Futbol ictimaiyyətinin və KİV-lərin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq uşaq futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verildi və U-12 Liqasının təşkilinin əsas məqsədləri sadalandı.
Süd məhsulları bazarında aparıcı istehsalçı olan, ən müasir texnologiyalardan istifadə edən və süd məhsullarının istehsalında "100% Öz Fermamızın Südü”ndən prinsipinə əsaslanan "Atena” şirkətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.
AFFA-nın baş katibi Elxan Məmmədov və "Atena” şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov U-12 Liqasının sponsorluq müqaviləsini imzaladılar.
E. Məmmədov üzərində Azərbaycan milli komandasının üzvlərinin imzası olan futbolkanı "Atena” şirkətinə hədiyyə etdi.
Mətbuat nümayəndələri üçün brifinq təşkil olundu. Elşad Rəsulov və Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Baş katib tədbirlə bağlı təəssüratlarını bölüşdü. O, bu əməkdaşlıqdan qürur hissi duyduqlarını vurğuladı: ""Atena” şirkəti ilə əməkdaşlıqdan qürur duyuruq. Hələlik müqavilənin müddəti bir mövsüm üçün nəzərdə tutulub. Lakin əməkdaşlığımızı gələcəkdə də davam etdirə bilərik. Bildiyiniz kimi, U-12 Liqası yeni yaradılıb. Yəni hər şey çempionatın perspektivindən asılıdır”.
Elxan Məmmədov U-17 Liqasına sponsorluq etmək üçün "Azərcell” şirkəti ilə danışıq apardıqlarını bildirdi: "U-17 Liqası üçün "Azərcell”lə sponsorluq anlaşmamızın müddəti bu ilin oktyabrında başa çatıb. Lakin hazırda əməkdaşlığı davam etdirməyi düşünür, bu yöndə qarşı tərəflə danışıq aparılır”.
Sonra AFFA-nın Futbol Akademiyasının meydançasında U-12 Liqasının simvolik oyunu keçirildi. AFFA-nın baş katibi Elxan Məmmədov və Atena” şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov topa ilk toxunuş etdilər.
E. Məmmədov və E. Rəsulov U-12 Liqasında çıxış edən komandaların üzvləri ilə xatirə şəkli çəkdirdilər.
Qeyd edək ki, "Atena” U-12 Liqasının oyunları bölgələr üzrə mərkəzləşdirilmiş qaydada 12 rayonda təşkil olunur. 81 komandanın mübarizə apardığı turnirdə 1114 futbolçu və 109 məşqçi iştirak edir.