“Araz” lider kimi növbəti mərhələyə yüksəldi

“Araz” lider kimi növbəti mərhələyə yüksəldi

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinə yekun vurulub. Avropanın 24 klubunun 6 qrupda mübarizə apardığı yarışda Azərbaycan çempionu "Araz” klubu da çıxış edib. Təmsilçimiz Rumıniyada mübarizə aparan VI qrupda qüvvəsini sınayıb. Belçika çempionu "Şatelino”, Rumıniyanın ən güclüsü "Tarqu Mureş” və Yunanıstan təmsilçisi "Atina-90” klubları ilə eyni qrupda mübarizə aparan "Araz” mərhələ adlamaq üçün ilk 2 yerdən birini tutmalı idi.
Qrupun ilk turu haqqında ötən sayımızda məlumat vermişdik. İkinci turda qrupun əsas favoriti olan təmsilçimiz Belçikanın "Şatelino” klubu ilə qarşılaşıb. Oyun həmyerlilərimizin üstünlüyü şəraitində keçib. Bunun nəticəsi olaraq, "Araz” rəqibi 3 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Belçikalılar qollardan yalnız birinin əvəzini çıxıblar - 3:1. Qrupun digər oyununda "Tarqu Mureş” və "Atina-90” klubları qarşılaşıb. Matçda 13 qol vurulub. Meydan sahibləri minimum hesabla qələbə qazanıblar. Nəticədə, 2 qələbə sayəsində "Araz” vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanıb.
Son turda Joze Alesio da Silvanın yetirmələri meydan sahibi - "Tarqu Mureş” klubu ilə qüvvəsini sınayıb. Oyun liderlik baxımından əhəmiyyətli idi. Belə ki, təmsilçimiz, ən azı, heç-heçə etməklə qrupu lider kimi başa vuracaqdı. "Araz” istədiyinə çatıb. Matçda 6 qol vurulsa da, qalib müəyyənləşməyib - 3:3. Qrupun digər oyununda "Şatelino” "Atina-90” ilə qarşılaşıb. Belçika klubu 7:1 hesablı qələbəyə sevinib.
Beləliklə, qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanıblar. "Araz” buna qrup lideri kimi nail olub.