Bu gün DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
F qrupu çərçivəsində Azərbaycan milli komandası doğma azarkeşlər önündə Şimali İrlandiya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
Azərbaycan - Şimali İrlandiya
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (hamısı İtaliya).
11 oktyabr. Bakı. "Bakcell Arena” stadionu. Saat 21:00.
Gələn il Braziliyada təşkil olunacaq mundialın seçmə mərhələsində Avropa zonası üzrə çıxış edən komandamız ilk qələbəsini qazanmaq niyyətindədir. "Bakcell Arena” stadionundakı görüşə qədər hesabında 5 heç-heçə olan yığmamız ilk qələbəsini əldə etməklə 4-cü pilləyədək irəliləyə bilər. Turnir cədvəlində sonuncu olmamaq uğrunda əsas rəqiblərimizdən birini məğlub edəcəyimiz gün Rusiya yığmasının Lüksemburqu xalsız qoyacağı gözlənilir. Bu da 2 addım irəliləmək üçün kifayət edər.
Millimizin qələbəsi azarkeşlərin komandadan gözlədiyi 2 rekorddan birini rəsmiləşdirəcək. Belə ki, tarixi ərzində ən yaxşı halda seçmə mərhələdə 7 xal qazanan yığmamız "Bakcell Arena”dakı uğuru ilə hesabını 8 xala çatdıra bilər. Bu isə futbol tariximizdə yeni rekord olacaq.
Böyük Britaniya təmsilçisi ilə görüşdə əldə olunacaq bu uğur komandamızı daha bir rekorda yaxınlaşdıracaq. Belə ki, millimiz seçmə mərhələni də 4-cü pillədə başa vura bilər. Lakin bu, yalnız son turda müəyyənləşəcək. Rusiya millisi ilə qarşılaşmaya qədər 4-cü pillədə qalacaq komandamızın son oyun günündən sonra da rekord mövqeyində qərarlaşması mümkündür.
Lakin bunun üçün zəruri olan ilk addım bu gün atılmalıdır. Belfastda rəqibi ilə qarşılaşmada qələbəni son saniyələrdə əldən verən Berti Foqtsun yetirmələri Şimali İrlandiya yığmasını bu dəfə xalsız qoymalıdır. Milli komanda ilə müqaviləsi bu ilin sonunda başa çatan almaniyalı mütəxəssis üçün də bu rekordlar əhəmiyyət kəsb edir. Böyük ehtimalla, ölkəmizi tərk edəcək Berti Foqts yığmadan 2 rekordla ayrıla bilər.
Yenə heç-heçənin qeydə alınacağı halda isə millimiz sonuncu olmaq, seçmə mərhələni qələbəsiz başa vurmaq təhlükəsi ilə üz-üzə qalacaq. Çünki 4 gündən sonra Rusiya millisini qəbul edəcək yığmamız üçün 1-ci yer uğrunda mübarizə aparan rəqiblə matç heç də asan olmayacaq. Düzdür, həmin görüşdə də qalib gəlmək mümkündür. Lakin 4-cü yer uğrunda mübarizədə əsas rəqibi məğlub etmək daha dəyərlidir.
Seçmə mərhələdə yalnız ilk yerin sahiblərinə - 1 dəfə Rusiya, 2 dəfə Portuqaliya yığmalarına uduzan yığmamızın daha zəif rəqiblə matçda xalsız qalması isə 4-cü yer ümidlərinin üstündən çarpaz xətt çəkəcək. Belə olacağı halda, komandamız Berti Foqtsun rəhbərliyi altında ilk dəfə qrup sonunculuğu ilə barışmağa yaxınlaşacaq və ümidi Rusiya millisini büdrətmək olacaq.
Yeri gəlmişkən, Şimali İrlandiya komandası ilə oyun millimizin tarixinə yubiley matçı kimi düşəcək. Yığmamız tarixində 200-cü oyununu keçirəcək. Komandamız 1992-ci ildən indiyədək 199 görüş keçirib. Bu matçlarda 36 qələbə qazanan yığmamız 53 dəfə heç-heçə ilə kifayətlənib. Məğlubiyyətsiz 90-cu oyunun astanasında olan komandamız 110 dəfə uduzub. Futbolçularımız millinin oyunlarında 141 dəfə rəqib qapısına yol tapıb. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 343 topun buraxılmasına üzülüb.
Qarşılaşma yığmamızın dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 97-ci oyun olacaq. EURO-1996-nın seçmə mərhələsi çərçivəsində 1994-cü il sentyabrın 7-də təşkil olunan Rumıniya ilə səfər oyununda debüt edən komandamız 19 ildə 8 qələbə qazanıb. Hesabında 18 heç-heçəsi də olan millimiz 70 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısına 45 dəfə yol tapan futbolçularımız öz qapısından 213 qol buraxıb.
DÇ-nin seçmə mərhələlərində isə 47-ci oyun ərəfəsində komandamızın 3 qələbəsi və 12 heç-heçəsi var. Komandamız indiyədək 31 dəfə məğlub olub. Bu qarşılaşmalarda 16 top vuran millimiz isə qapısında 84-nü görüb.
Oktyabrın 5-də təmsilçimiz Şimali İrlandiya yığması ilə oyunun hazırlıqlarına başlayıb. Bakıda təlim-məşq toplanışında olan millimizin oktyabrın 8-də mətbuat üçün açıq məşqi keçirildi. Məşqdən əvvəl Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov, hücumçuları - Rauf Əliyev ilə Rüfət Dadaşov, yarımmüdafiəçisi Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırdılar. Futbolçuların hər biri yığmamızın yubiley oyununda azarkeşləri qələbə ilə sevindirəcəklərini vurğuladı.
Mahir Şükürov: "Bizi çətin oyun gözləyir”
- 3 gündür ki, yığmamızın təlim-məşq toplanışı keçirilir. Hazırlıqları necə qiymətləndirirsiniz?
- Oktyabrın 4-də ölkə çempionatının oyunları başa çatıb. Bundan 1 gün sonra millidə hazırlıqlara başlamışıq. Hazırlıq ciddi şəkildə gedir. Bilirik ki, qarşıda 2 vacib görüşümüz var. Ona görə də, məşqlərdə nə gücümüz varsa, ortaya qoyuruq. Bu amil oyunlar zamanı bizə kömək olacaq.
- Qarşıdakı oyunlar haqqında nə düşünürsünüz? Demək olar ki, Şimali İrlandiya millisi 3 xal qazana biləcəyimiz sonuncu şansdır...
- Şimali İrlandiya yığması güclü komandadır. Çünki Rusiya komandasını öz meydanında məğlub etməyi bacarıb. Ona görə də bizi çətin oyun gözləyir. Bununla belə, biz bu matçda qalib gəlməyə borcluyuq. Rusiya millisi də güclü rəqibdir. İstəyirik ki, onları da büdrədək. Bununla da 2 il əvvəl ruslara qarşı göstərdiyimiz oyunun təsadüfi olmadığını sübut edək.
-
Lüksemburq millisinin Şimali İrlandiya komandasını məğlub etməsi yığmamızda qıcıq yaradırmı?
- Əlbəttə, yaradır. Biz bilirik ki, bu oyunda da qalib gəlməsək, qrupu sonuncu pillədə tamamlaya bilərik. Ona görə də istəyirik ki, qalib gəlib 8 xal toplayaq və yuxarı pillələrə qalxaq. İnşallah, bütün komanda şəklində qarşıdakı görüşə ciddi yanaşıb qalib gələrik.
- Rəqib komanda cinahlardan oynayan komandadır. Sizin və digər cinah müdafiəçisinin üzərinə böyük məsuliyyət düşür. Yəqin bu işin ağırlığını dərk edirsiniz...
- Onsuz da bütün oyunlarda bizim üzərimizə böyük yük düşür. Bunun öhdəsindən gəlmək üçün 100 faiz çalışacağam. Fikrimcə, mənim üçün problem olmayacaq.
- Millinin məşqindən əvvəl futbolçular kimlərisə alqışladı. Bunun səbəbini söyləyə bilərsinizmi?
- Yığmada bu gün (müsahibə oktyabrın 8-də olub - R.S.) 2 nəfərin ad günüdür. Biri Rəşad Sadiqov, digəri isə Əfran İsmayılovdur. Ona görə əl çalırdıq.
Rauf Əliyev: "Yenə qol vurmağa çalışacağam”
- Qarşıdakı oyunlarla bağlı fikirlərinizi bilmək istərdik...
- İrəlidə 2 vacib oyunumuz var. Əvvəlcə Şimali İrlandiya millisi ilə qarşılaşacağıq. Bizim üçün əsas bu görüşdür. Çünki hazırda qrup sonuncusuyuq. Şimali İrlandiya yığması ilə oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdır. Bizim üçün çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzub. Ona görə onlar bizimlə oyuna başqa motivasiya ilə çıxacaqlar. 3 gündür ki, yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı görüşlərə var gücləri ilə hazırlaşırlar.
- Şimali İrlandiya yığmasına səfərdə qol vurmusunuz. Ona görə də məsuliyyətin həcmi digər futbolçulardan fərqli, sizin üçün ikiqat artıb. Hamı sizdən qol gözləyir...
- İnşallah, yenə qol vurmağa çalışacağam. Əsas odur ki, komanda şəklində qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdir. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım.
- Rəqib "ikinci mərtəbə”də yaxşı çıxış edir. Sizin də başla yaxşı oynadığınızı nəzərə alsaq, standard vəziyyətlər zamanı müdafiəyə qayıdıb komandaya kömək edəcəksiniz?
- Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdür, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standard zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq.
- Elvin Məmmədov son vaxtlar "Bakı”nın da heyətinə düşmür. Onda problem nədir?
- Bu suala cavab verməsəm, daha yaxşı olar. Bunu Elvinin özünün cavablandırması məsləhətlidir.
Əfran İsmayılov: "Şimali İrlandiya yığmasına mütləq qalib gəlməliyik”
- Şimali İrlandiya komandası ilə oyundan nə gözləyirsiniz?
- Biz Belfastda onlarla heç-heçə oynasaq da, bu nəticə heç kimi yanıltmamalıdır. Biz hazırda Rusiya millisi ilə oyun barəsində qətiyyən düşünmürük. Bütün diqqətimizi Şimali İrlandiya yığması ilə matça yönəltmişik. Şimali İrlandiyanı öz meydanımızda qəbul edəcəyik və qələbə qazanmağa borcluyuq. Biz bu mərhələdə çox xal itirmişik. Son oyunlarda bunun əvəzini çıxmalıyıq. Artıq itiriləsi heç nəyimiz yoxdur.
- Uzun müddətdir ki, yığmanın heyətinə dəvət almırdınız...
- Bəli, zədə səbəbindən bir neçə oyunu buraxmalı oldum. Amma həsrət uzun sürmədi. Həmişəki kimi yenidən yığmada olduğum üçün qürur duyuram. Millimizin uğuru üçün əlimdən gələni edəcəm.
- Son iki oyun Berti Foqtsun Azərbaycan yığmasındakı taleyi baxımından da önəmlidir. Futbolçular bu barədə nə düşünürlər?
- Bilirik ki, bu, onun yığmamızdakı son oyunlarıdır. Amma onun millidə qalıb-qalmayacağının bizim üçün fərqi yoxdur. Biz Berti Foqtsa görə yox, Azərbaycan üçün oynayırıq.
- Əgər Şimali İrlandiya yığmasını məğlub edə bilməsəniz, son seçmə mərhələlərdəki ən pis nəticəmizə imza atacaqsınız. Çünki Rusiya yığması DÇ-2014-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparır. Çətin ki, onlardan xal almaq mümkün olsun...
- Deməli, Şimali İrlandiya yığmasına mütləq qalib gəlməliyik. Həm də bu oyundakı qələbə bizi Rusiyadan da xal almağa ruhlandıra bilər.
- Şimali İrlandiya millisinin son oyunlarına baxmısınız?
- Hələ yox. Amma rəqibi analiz etməyə də vaxtımız olacaq. İstənilən halda bizə tanış rəqibdir.
- Rəqibə qarşı hansı taktika ilə oynamağa hazırlaşırsınız?
- Hələ ki, bu oyunda hansı taktika ilə oynayacağımızı bilmirəm. Ən azından, Şimali İrlandiya yığması ilə oyunda ilk dəqiqələrdən hücuma atılacağımızı düşünürəm.
- "Bakı”da o qədər də sabit çıxış etmirsiniz. Özünüzü necə hiss edirsiniz?
- Özümü 80 faiz hazır sayıram. Bir qədər də çalışsam, optimal forma toplaya bilərəm.
Rüfət Dadaşov: "Rauf Əliyevlə tandemim çox yaxşı alınır”
- Millinin hazırlıqları və qarşıdakı oyunları ilə bağlı fikirlərinizi bilmək istəyərdik...
- Hazırlıqlar çox yaxşı keçir. Komandanın əhval-ruhiyyəsi yüksəkdir. Baş məşqçimiz yaxşı məşq prosesləri keçir. Futbolçular da keçirilən hazırlıqdan məmnundur. Birinci oyun çox çətindir. Çünki bilirik ki, Şimali İrlandiya çox aqressiv komandadır. Ancaq əlimizdən gələni edəcəyik ki, bu görüşdə qələbə qazanaq.
- Sonuncu tur "Kayzerslautern”in U-23 komandasının 2:0 qalib gəlməsində vurduğunuz qol böyük rol oynadı. Bu baxımdan özünüzü necə hiss edirsiniz?
- Son aylarda yaxşı formadayam. Ancaq ötən dəfə də demişəm: Kimin qol vurmasının fərqi yoxdur. Əsas odur ki, 3 xal qazanaq.
- "Ulm 1846” klubu ilə oyunda 79-cu dəqiqədə meydana daxil oldunuz. 1 dəqiqə sonra isə qol vurdunuz. Bu necə baş verdi?
- Meydana girdiyim an rəqib qapısına küncdən zərbə yerinə yetirilməli idi. Həmin standard zərbə zamanı ilk dəfə topa toxundum və bu da qol oldu. Hesabı mən açdım və buna görə çox şadam.
- Sizin üçün Şimali İrlandiya, yoxsa Rusiya ilə oyun vacibdir?
- Hər 2 oyun çox vacibdir. Deməzdim ki, ruslarla görüş daha önəmlidir. Çünki Şimali İrlandiya ilə oyunda söhbət 3 xaldan gedir. Evdəki oyunlarda maksimum xal qazanmaq istəyirik. Şəxsən mən hazırda Şimali İrlandiya millisi ilə qarşılaşmanı fikirləşirəm. Yalnız bu matçdan sonra Rusiya komandası ilə matç haqqında düşünəcəyəm.
- Yığmanın Malta millisi ilə yoldaşlıq oyununda 2 hücumçulu sistemlə çıxış etdiniz. Rauf Əliyevlə tandeminiz uğurlu alındı. İstərdinizmi, Raufla birgə meydanda olasınız?
- Mən deyərdim ki, Rauf Əliyevlə tandemim çox yaxşı alınır. Hamı görür ki, biz bir-birimizi yaxşı başa düşürük. Onunla çox gözəl münasibətimiz də var. Sözsüz ki, yenə belə tandemlə oyuna çıxsaq, çox gözəl olar.
Şimali İrlandiyanın İngiltərə Premyer Liqasında çıxış edən müdafiəçilərinə qarşı oynamaq sizin üçün çox çətin olmayacaq ki?
- Sözsüz ki, onlara qarşı oynamaq asan olmayacaq. Biz bilirik ki, İngiltərə Premyer Liqasında aqressiv futbol oynayırlar. Amma biz onlardan qorxmur və çəkinmirik. Biz öz oyunumuzu nümayiş etdirəcəyik.
Rahib Səmədov