Basketbol yarışlarının qalibləri mükafatlandırılıb

Basketbol yarışlarının qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılmış tarixi Zəfər Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində  “Sərhədçi” İdman Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında basketbol üzrə yarışların final oyunları keçirilib. Tədbirin açılış mərasimində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin ikinci ildönümünün ölkəmizin hər bir guşəsində böyük təntənə ilə qeyd olunduğu diqqətə çatdırılıb. Xalqımızın haqq işi uğrunda apardığı mübarizədə şücaətlə döyüşmüş, qəhrəmanlıq nümunələri göstərmiş sərhədçilərin şanlı Zəfər Gününü yüksək coşqu ilə qarşıladıqları vurğulanıb.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai həyatın bütün sahələrinə olduğu kimi, idmana göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində bu sahədə böyük zirvələr fəth edildiyi qeyd edilib.
Tədbirdə çıxış edənlər final mərhələsinə çıxmış bütün iştirakçılara qələbə əzmi və uğurlar arzulayıblar.
Sərhədçi İdman Mərkəzinin “Çerlidinq və bədii gimnastika” bölmələrinin idmançılarının nümunəvi çıxışlarından sonra komandalar arasında basketbol oyununun final mərhələsinə start verilib.
Basketbol üzrə finala yüksəlmiş 7 komanda arasında maraqlı və həyəcanlı mübarizəsinin qalibi Çevik Hərəkət Qüvvələri Komandanlığının “Çevikçilər”, II yerin sahibi DSX Akademiyanın “Cəsurlar” komandası olub, III yeri Xüsusi Hava Əməliyyatları Komandanlığının “Şahinlər” komandası tutub.
Tədbirin sonunda mükafatlandırılma mərasimi keçirilib və ən yaxşı oyunçu nominasiyasında qaliblər təltif olunub.