Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində Beynəlxalq Məşqçilik Kursu keçirilib. Mühazirəçi qismində IWF-in Məşqçilik və Tədqiqat Komitəsinin üzvü, ABŞ-lı mütəxəssis, Doktor Kayl Pirs çıxış edib. Kursa arasında yeni yaradılan 20-dən çox yeni ağır atletika klubunun məşqçiləri, həmçinin digər mütəxəssislər olmaqla ölkənin bütün regionlarından 50-yə yaxın məşqçi qatılıb.

Kurs zamanı bir çox mövzular barədə nəzəri və praktiki dərslər keçilib. Onların içərisində ağır atletika idman növündə təhlükəsizlik qaydaları, biomexanika və fiziologiya, məşqçilik təliminin və tədrisinin prinsipləri, bədənin qızışdırılması və əzələlərin elastik vəziyyətə gətirilməsi, ağırlığın qaldırılmasında baza hazırlığı, güc tətbiq etməklə ştanqın sinəyə alınması və birdən qaldırma, “Təkanla qaldırma hərəkəti”nin anlayışı, “Birdən qaldırma hərəkəti”ndə yanaşmaların artması prosesi, klassik yanaşmaların nümayış etdirilməsi, müqavimətin artması prinsipləri, məşq proqramları, ağır atletika yarışları, antidopinq, qaynaq və məlumatlara giriş imkanları olub.

Amerikalı mütəxəssisin dərsləri interaktiv şəkildə keçib, dinləyicilərin sualları cavablandırılıb, yeni, müasir məşq, tədris metodları ətrafında geniş müzakirələr aparılıb. İştirakçıların fikrincə, kurs çox səmərəli olub, yeni biliklər əldə etmək, ağır atletikada müasir tendensiyaları öyrənmək baxımından böyük fürsət xarakteri daşıyıb. 4 gün ərzində məşqçilik üzrə iki kateqoriya (Level 1 və Level 2) mühazirələrdə iştirak edən mütəxəssislər, sonda imtahan verərək beynəlxalq məşqçilik sertifikatı əldə edə biliblər.

Mühazirəçi Kayl Pirs kurs barədə danışarkən təşkilatçılıqdan razılığını dilə gətirib. O, iştirakçıların həvəsli olmasını təqdir edib: "Hər şey əla təşkil olunmuşdu. Səmimi və xoş münasibət, peşəkar yanaşmayla qarşılaşdım. İstədiyimiz səviyyədə tədrisi edə bildik. Yeni, yaxud təcrübəli olmalarından asılı olmayaraq, bütün məşqçilərin istəkli olması, müxtəlif mövzulara toxunaraq müzakirələr aparmasını görmək çox xoş oldu. Bakıdan yaxşı təəssüratlarla ayrılıram və böyük məmnuniyyətlə bir də gəlmək istəyərəm".