"Real”da baş məşqçi Karlo Ançelottinin köməkçisi olan Zinəddin Zidan Avropanın ən yaxşı futbolçusu seçilən Frank Riberinin dünyanın ən yaxşı oyunçusu üçün nəzərdə tutulan "Qızıl top”a da layiq olduğunu deyib. Düzdür, Fransa yığmasının keçmiş kapitanının sözlərinə görə, ötən mövsüm 55 qol vuran Lionel Messi də bu mükafata əsas namizəddir.
Goal.com Zidanın sözlərini belə təqdim edib: "Riberi və Ronaldo bu mükafata layiqdirlər. Amma mən "Qızıl top”u Riberiyə verərdim, çünki o, ötən mövsüm "Bavariya”nın uğurlarında mühüm rol oynayıb. Amma problem ondadır ki, ötən mövsüm 55 qol vuran oğlan da var”.
Zidan "AS” nəşrinə isə ən böyük arzusunu açıqlayıb: "Fransa milli komandasının baş məşqçisi olmağı arzulayıram. Təbii ki, bilavasitə indi yox. Mən səbrli adamam. Karlo Ançelotti ilə işləmək müstəqil işləməkdən əvvəl təcrübə yığmaq üçün əla vasitədir. Həmişə özümü futbolda rahat hiss etmişəm və düşünürəm ki, təcrübəmi digər oyunçularla bölüşə bilərəm”.
Xatırladaq ki, Zidan 1998-ci ildə "Qızıl top”u qazanıb və 1994-2006-cı illərdə Fransa yığmasının şərəfini qoruyub.