Daha bir ağırlıqqaldıranımız Ankarada fərqləndi 

Daha bir ağırlıqqaldıranımız Ankarada fərqləndi 

Türkiyənin paytaxtı Ankarada üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə beynəlxalq turnir keçirilir. 16 ölkədən 72 atletin təmsil olunduğu yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar. Bu gün körpücük üzərinə çıxan idmançılarımızdan Tehran Məmmədov (67 kq) birdən qaldırma hərəkətində 126 kiloqram çəki dərəcəsini ram edib. Agırlıqqaldıranımız bu nəticə ilə gümüş medala layiq görülüb. O, təkanla qaldırmada isə 147 kiloqram nəticə göstərib. T.Məmmədov həm bu hərəkətdə, həm də ümumilikdə 273 kiloqram (126 kq+147 kq) nəticə ilə dördüncü yeri tutub.
Daha əvvəl qadınların yarışında Nazilə İsmayılova (49 kq) 3 bürünc medal əldə edib. İdmançımız həm birdən, həm təkanla qaldırma, həm də ümumilikdə üçüncü yeri tutub.
Qeyd edək ki, beynəlxalq turnirə noyabrın 17-də yekun vurulacaq.